kanal14.az
kanal14.az

“Qaçqınkom” NİYƏ LƏĞV OLUNMUR?.. - AKTUAL

“Qaçqınkom” NİYƏ LƏĞV OLUNMUR?.. - AKTUAL
25-06-2021, 09:29 66 dəfə baxılıb

“Qaçqınkom” NİYƏ LƏĞV OLUNMUR?.. - AKTUAL

 

Kanal14.az: - Struktur islahatları və dövlət büdcəsinin yükünün azaldılması istiqamətində görüləcək işlər çərçivəsində bəzi fəaliyyətsiz, izafi qurumların ləğvi də gözlənilirdi. Torpaqlarımız azad edildikdən və "böyük qayıdış” proqramı başladıqdan sonra buraya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom”) da əlavə olundu. Belə ki, "Qaçqınkom” və digər "büdcəyə yük” komitələrin ləğvi ləngiyir. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi, həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Onlar üçün tikilən binalar isə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Qarabağ və ətraf rayonlardakı tikinti-bərpa prosesinə isə Prezidentin xüsusi nümayəndələri nəzarət edir. Prinsipcə, "Qaçqınkom”un adı və ya funksiyası dəyişə bilər. "Qaçqınkom” isə hələ də tenderlər keçirir, vergi borcu olan şirkətlə müqavilə imzalayır, medianın şübhəsini çəkən satınalmalar həyata keçirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti təkcə 2021-ci ildə toplam maliyyə dəyəri 1 211 341.85 AZN olan 10 satınalma müqaviləsi imzalayıb. Son olaraq, müqavilə imzalanan "EVM Group” MMC-nin külli miqdarda vergi borcu olub. Hazırda isə "EMV Group” MMC-nin 2473.37 AZN vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir. Büdcə pullarını indiki vəziyyətdə yenidən MMC-lərin, korrupsioner məmurların "yem”i olmasından xilas etmək üçün təkcə "Qaçqınkom”un deyil, bir neçə komitənin ləğvi zaman-zaman gündəmə gəlib, amma hələ ki bu mümkün olmur. Niyə bu proses davam etmədi? "Qaçqınkom” da daxil, digər büdcəyə yük olan komitələr ləğv olunacaqmı?

Mövzu ilə bağlı  danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu komitə kiçildilməli, büdcə və səlahiyyətləri məhdudlaşdırılmalıdır: "”Qaçqınkom"un son açıqlamalarından belə bəlli olur ki, əvvəlcədən nəzərdə tutulmuş işlərin icrası ilə məşğuldurlar. Qaçqınlar üçün tikilən şəhərciklərin, evlərin kommunikasiya xətlərinin yenidən qurulması üçün tenderlər keçirilir və o tenderlərdə qalib olan şirkətlərə pullar ödənilir. Ancaq bu sahədə şəffaflığın olmaması ciddi suallar yaradır. Əgər torpaqlarımızı azad etmişiksə və bundan sonra tikinti-quruculuq işləri həmin torpaqlarda aparılacaqsa, bununla bağlı qərarlar verilibsə, 2,2 milyard manat vəsait ayrılıbsa, o zaman nəyə görə hələ də "Qaçqınkom” tərəfindən tenderlərin keçirilməsi üçün vəsait ayrılmalıdır? Ancaq torpaqlara qayıdış proqramı illər çəkəcək və bəzi prosedur qaydalarının idarə olunması üçün bu komitənin qalması vacibdir. Bununla yanaşı, hansısa siyahıların hazırlanması, sənədlərin toplanması üçün komitənin fəaliyyətinə ehtiyac var, ancaq tenderlərin keçirilməsi səlahiyyətlərinin alınması daha məqsədəuyğun olar. Əgər sırf sənəd işləri üçün komitəyə ehtiyac varsa, o zaman aparat kiçildilməklə saxlanıla bilər. Ancaq indiki səlahiyyətlər və indiki büdcə ilə fəaliyyəti məntiqsizdir. "Qaçqınkom” aparatının kiçildilməsi və ayrılan vəsaitlərin məhdudlaşdırılması daha məntiqli qərar olardı".

İqtisadçı vurğuladı ki, ləğvi labüd olan digər komitələr arasında tikinti sahəsinə nəzarəti həyata keçirən dövlət orqanları da var: "Mənim digər bir iradım tikinti sahəsi ilə bağlıdır. Adında ”dövlət" sözü olan təxminən 14 orqan var ki, tikinti işlərinə müəyyən qədər nəzarət etmə, hansısa qərarların qəbulunda iştirak etmə səlahiyyəti var. Bu pərakəndəliyi də yığışdırmaq lazımdır. Tikinti ilə məşğul olan vahid bir mərkəzin, vahid reystrin olması, həm icazənin "bir pəncərə” sistemi ilə idarə olunması təmin edilməlidir. Tikinti sektorunun "bir pəncərə” sisteminə keçməsinə də ehtiyac var. Bu həm dövlət büdcəsinə qənaət deməkdir, həm də vətəndaşların işini asanlaşdırır. Bu sahədə kifayət qədər ciddi problemlər, narazılıqlar da var. Tikinti sektoru ilə bağlı icazələrin alınması, verginin hesablanması, nəzarət mexanizminin qurulması ilə bağlı bir neçə orqanın fəaliyyət göstərməsi iş adamlarının vəziyyətini də ağırlaşdırır, korrupsiya hallarına da yol açır".//dia.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA