Gündəm / Siyasət

“ “BP” prezidenti kimi 4 iyun olaylarında adı hallanan Braun 2 il sonra o şirkətə rəhbər olub...” - AÇIQLAMA


Bu gün qardaş qanı və AXC hakimiyyətinin devrilməsi ilə nəticələnmiş Gəncə olaylarından 28 il ötür. Həmin hadisələrin törənməsi haqdakı çıxış, müsahibə və təhlillərdə çox vaxt əsasən Rusiya kəşfiyyatı və xüsusi xidmət orqanlarının böyük rol oynadığı bildirilir. Ancaq bəziləri digər xarici kəşfiyyat qurumları və korporasiyalarının da adını çəkir. Məsələn, Azərbaycandakı digər hakimiyyət olaylarında olduğu kimi, burada da Böyük Britaniyanın "BP” şirkətinin adı hallanır...

Bəhs edilən dövrdə iqtidara müxalif mövqedə dayanan və gündəmin fəal fiqurlarından olan AMİP lideri Etibar Məmmədov Moderator.az-ın mövzu ilə bağlı suallarını cavablandırarkən diqqətəlayiq fikirlər səsləndirib.

"Bilirsiz, bir müddət öncə adını çəkmək istəmədiyim biri mətbuatda çıxış edib demişdi ki, "BP”-nin prezidenti Con Braun Gəncə qiyamının təşkilində iştirak edib. Halbuki, adı çəkilən həmin şəxs 1995-ci ildə, yəni 4 iyun hadisələrindən 2 il sonra təyin olunub o vəzifəyə... Odur ki, o vaxtkı komanda üzvləri belə gülməli iddialar irəli sürməklə öz fəaliyyətsizliklərinə, bacarıqsızlıqlarına bəraət qazandıra bilməzlər. Hakimiyyətdə olan şəxslər və ya qurumlar havadan götürülmə sözlər deməməlidirlər. Əgər hər hansı xarici kəşfiyyat bu olaylarda iştirak edibsə, kəşfiyyat orqanları AXC hakimiyyətinin əlində idi, heç olmasa, əldə etdikləri bir dəlil-sübutu ortalığa qoymalı idilər. Təbii ki, mən də bilirəm ki, dünyanın əsas kəşfiyyat qurumları o vaxt da işləyirdilər Azərbaycanda, bu gün də işləyirlər. Onların təxribatçı əməllərini üzə çıxarmaq isə hakimiyyətin vəzifəsidir. Jurnalist də, siyasətçi də müəyyən ehtimal, fərziyyə irəli sürə bilər. Amma hakimiyyətdə olan adam ehtimal və fərziyyələrlə yox, əlindəki fakt və sənədlərlə danışmalıdır” – Etibar Məmmədov belə deyib.