kanal14.az
kanal14.az

Manata inam artır, banklara isə yox: - “Əmanətlər o zaman təhlükə altına düşəcək ki...”

Manata inam artır, banklara isə yox: - “Əmanətlər o zaman təhlükə altına düşəcək ki...”
31-05-2021, 15:15 63 dəfə baxılıb

Manata inam artır, banklara isə yox:
Bu il mayın 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 10 milyard 326,1 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, aprelin 1-i ilə müqayisədə 6,2%, ilin əvvəlinə nisbətən 8,4%, ötən il mayın 1-i ilə müqayisədə isə 32,9% çoxdur. Aprelin sonuna banklara xarici valyuta ilə depozit qoyuluşu isə 8 milyard 864,5 milyon manat olub.

Bu da aylıq müqayisədə 1,3% az, ilin əvvəlinə nisbətən 0,2% çox, illik müqayisədə isə 9,6% azdır.

Əhalinin milli valyutaya üstünlük verməsi manata verilən yüksək faizlə, yoxsa basqa səbəblərlə bağlıdır?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, manatla yerləşdirilən depozitlər üzrə Mərkəzin Bankın uzun müddətdən bəri həyata keçirdiyi kommersiya banklarına verilən imkandır:

"Manatla yerləşdirilən depozitlər üzrə faiz dərəcəsi, dividentlik 12 faiz həddində nəzərdə tutulur. Yəni 12 faizə qədər manatla yerləşdirilən depozitlər dövlət tərəfindən sığortalanır. Ancaq 12 faizdən yuxarı olduqda dövlət onu sığortalamır. Xarici valyuta üzrə isə bu rəqəm həddindən çox aşağıdır, cəmi 3 faizdir. Həm bu amilin mühüm rolu var, həm də manatın uzun müddətdən bəri ABŞ dollarına münasibətdə, məzənnəsində sabitliyin qorunub saxlanması əhamiyyətlidir. Xatırladım ki, 2015-ci ildən sonra iki dəfə devalvasiya onda baş verdi, 2016-cı ildə təxminən 14-15 faiz həcmində ucuzlaşdı, ancaq 2017-2018-ci ildən üzü bəri manat dollara görə bir nöqtədə dayanıb. Hazırda da ölkəyə gələn xarici valyuta axını, yəni neftin dünya bazar qiymətlərinə görə manatın dəyərində ucuzlaşma gözlənilmir. Ümumilikdə həm manatın dəyərindəki sabitlik, həm də 12 faizə qədər dividentin hökumət tərəfindən sığortalanması həmin əmanət yerləşdirilməsinin ötən ilkinə nisbətən artmasına şərait yaradıb".

Ekspert mövcud rəqəmi iki amillə əlaqələndirdiyini deyir:

"Ancaq əlavə amillər gətirə bilmirəm. Çünki deyə bilmirəm ki, banklara inam qənaətbəxş səviyyədədir. Hazırda bank sektoru heç də sağlam vəziyyətdə deyil. Düzdür, əvvəlki illərlə müqayisədə bank sektorunda, xüsusilə də problemli kreditlər həll edildikdən sonra müəyyən canlanma, irəliləyiş var. Ancaq biz hələ deyə bilmərik ki, bank sektoru sağlam vəziyyətdədir, əhalinin banklara olan inamı 2015-ci il hadisələrindən sonra bərpa olunub. Biz bunu deyə bilmərik. Yəni yaxşı olardı ki, bank sisteminə əhalinin inamı da bərpa olunsun. Necə ki, manatın sabitliyi müəyyən inam işartıları yaradıb, əhali əmanətini manatla qoymağa etibar edir, eləcə də banklara inam yaranarsa, onda manatla depozit yerləşdirməsinin daha da genişlənməsinin şahidi ola bilərik. gələcəyə gəldikdə isə bir məqamı nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı neftin dünya bazar qiymətlərindən, satış səviyyəsindən asılı vəziyyətdədir. Bizim makroiqtisadi göstəricilər, o cümlədən milli valyutamız olan manatın dəyəri buna bağlıdır. Yəni, sabah neftin qiyməti 40 dollardan aşağı düşərsə, məsələn, 30 dollara enərsə- necə ki, ötən il pandemiya ilə bağlı aprel ayında belə hal baş verdi və qısa müddət davam elədi- əhalinin banklardakı əmanətləri də təhlükə altına düşəcək. Manata inam qırılacaq, banklardan əmanətlərin geri çəkilməsi prosesi başlayacaq. Ancaq belə bir vəziyyət yaxın müddət üçün gözlənilmir. Xüsusilə də bu il üçün və 2022-ci ilin birinci yarının sonunadək belə vəziyyətin baş verəcəyini gözləmirəm. Söhbət neftin dünya bazar qiymətlərinin kəskin enməsindən gedir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA