Gündəm / Sosial

Gürcüstanda erməni separatizmi: - “Seçkidə təxribatlar gözlənilir”

Gürcüstanda erməni separatizmi:
Bu il Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Görünən odur ki, gürcü cəmiyyətində siyasi həyat qaynar olacaq.

Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bitən Vətən savaşında qonşu ölkə bizi dəstəklədi.

Gürcüstan Türkiyə, Pakistan və İsrail kimi aktiv dəstək göstərməsə də Ermənistanın silahla təmin olunmasında tranzit kimi iştirak etməkdən boyun qaçırdı. Sözsüz ki, rəsmi Tiflisin bu davranışı erməniləri narazı salıb. Gürcüstanın Cavaxetiya bölgəsində 500 minə yaxın erməninin yaşadığını nəzərə alsaq, bu amil seçkilərdə hakim partiya üçün çətinliklər yaradacaq.

Milli Cəbhə Partiyasının funksioneri, əslən Gürcüstandan olan ziyalı Rafiq Daşdəmirli Cebhe.info-ya açıqlamasında deyib ki, Gürcüstanın Vətən savaşı dövründə Azərbaycana dəstəyi tədqirəlayiqdir:

"44 günlük Vətən müharibəsində Gürcüstan Azərbaycanı dəstəklədi. Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin bununla bağlı qonşu dövlətə təşəkkür etməsi, iki qonşu respublikanın dostluğunun əyani subutudur. Müharibənin getdiyi dövrdə gürcüstanlı ermənilər və azərbaycanlılar öz soydaşlarının tərəfində vuruşmaq istəyirdi. Lakin Gürcüstan hökumətini buna mane ola bildi. 44 günluk müharibə dövründə, Gürcüstanla Azərbaycan arasındakı sərhəd keçid məntəqəsi bağlanmışdı. Hərçənd ki, Vətən savaşı dövründə Gürcüstan azərbaycanlılarının Azərbaycana mənəvi dəstəyi dayanmadı”.

R.Daşdəmirli hesab edir ki, Cavaxetiya erməniləri də işğalçı Ermənistana dəstək verib: "Bəzi mətbu orqanlarda gedən məlumatlara görə, Cavatexiya ermənilərinin Ermənistana getmək və Azərbaycana qarşı vuruşmaq tələbi üçün sərhədlərin açılması tələbi ilə aksiyalar keçirib. Hətta bəzi soyadını dəyişmiş ermənilər işğalçılara açıq dəstək veriblər.

Qeyd edək ki, Cavaxetiya Gürcüstanın Stalin dövrünə qədər Axısqa türklərinin kompakt yaşadığı ərazisi olub. 1937-ci il repressiyaları zamanı Axalkələk, Əspincə, Mesxeti və regionun digər yaşayış məntəqələrindən on minlərlə Axısqa türkü Sibirə və Orta Asiyaya sürgün edildikdən sonra bu torpaqlara İran, Livan, Suriya və digər ölkələrdən kütləvi şəkildə erməni ailələri köçürülüb. Burada daşnakların separatçı fəaliyyətinin qarşısını almaq üçün Gürcüstanda əməliyyatlar aparıldı, bəzi daşnaklar həbs olundu, səbəb olaraq isə onların qeyri-qanuni silah qaçaqçılığı və ölkə daxilindəki casusluq fəaliyyətləri göstərildi”.

MCP funksionerinin fikrincə, Cavaxetiya erməniləri Gürcüstana problem yaratmaqda davam edir və seçkilərdə də özünü göstərə bilər: "Ermənistanın Gürcüstana qarşı ərazi iddiaları davam edir. Hələki "dəmir yumruq”dan özlərinə gələ bilməyiblər. Bir az özlərinə gələn kimi öz xislətlərinə uyğun siyasətə davam edəcəklər.

SSRİ-nin dağılmasından sonra illər ərzində Ermənistan sərhədçiləri qanunsuz olaraq dövlət sərhədini Gürcüstan tərəfə "sürüşdürür”lər. Bu dönəmdə Cavaxetiya ermənilərinin barış mühitində yaşaması heç də mümkün deyil. Cavaxetiya ermənilər vaxtaşırı separatçı hərəkətlər edirlər. Keçən il parlament seçkilərində də təxribatlar etmişdilər.

Bu ilki seçkilərdə də ermənilərin təxribatlar törəcəcəyi gözlənilir. Ötən seçkilərdə ermənilər "Gürcü Arzu”suna səs vermədi. Bu il də seçkilər ərəfəsində hakim partiya ermənilərdən dəstək ala bilməyib”.