kanal14.az
kanal14.az

Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir

Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir
17-05-2019, 11:02 116 dəfə baxılıb

Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir


Sabiq nazirin əmisi oğlu həbsxana yolunda; yaxın günlərdə isə Ali Məhkəmədə Akif Çovdarov və digərlərinin kasasiya şikayətinə baxılacaq…

"MTN işi” üzrə gözlənilməz gəlişmə müşahidə edilməkdədir. 2015-ci ilin oktyabrında Eldar Mahmudovun həbsə alınan komandasının üzvlərinə məhkəmələrində loyal münasibət sərgilənir. Əvəzində Mahmudovun özünə və yaxınlarına qarşı addımlar atılmaqdadır. Məsələn, MTN-in Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş Akif Əliyevin cəzası 1 il azaldılaraq, 4 ilə endirilib. Bu barədə Ali Məhkəmədə qərar çıxarılıb. Qərara əsasən, A.Əliyevə verilən ittiham maddələri də dəyişib. A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunmuşdu.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin asılmış vəziyyətdə meyiti saxlandığı istintaq təcridxanasındakı kamerasında aşkar olunmuşdu.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib. MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha 3 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Akif Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Eldar Mahmudovun komanda üzvlərinin həbsindən 2 il sonra – 2017-ci ilin noyabrında sabiq nazirin köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir. Eldar Mahmudova vəzifədən çıxarılandan sonra həbs olunan sabiq MTN-çilərdən bir neçəsi isə artıq azadlığa buraxılıb.

Yaxın günlərdə Ali Məhkəmədə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərlərinin kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov Bakı Apelyasiya Məhkəməsinin barələrindəki qərarından narazıdırlar. Onların kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılacaq.

Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir


Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.

Belə bir vaxtda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun işi Bakı Hərbi Məhkəməsinə daxil olub və hakim Elbəy Allahverdiyevin icraatına verilib. Cinayət işi üzrə 7 zərərçəkən var və onlardan biri YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədovdur. Tağı Əhmədov MTN-çilər tərəfindən ona 3 milyon manat ziyan vurulduğunu, həmin məbləğin alınmasında Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun da adını çəkib. Belə görünür ki, Vüqar Mahmudovun məhkməsində digər zərərçəkənlər Tağı Əhmədovun kölgəsində qalacaqlar. Sabiq nazirin əmisi oğluna Tağı Əhmədov epizodu üzrə ittihamedici hökm veriləcəyi istisna deyil. 

Vüqar Mahmudov MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Onun adı "MTN işi”nin istintaqı başlayandan dərhal sonra gündəmə gəlib. Vəzifədə olduğu dövrdə V.Mahmudovun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. Belə iddialar da vardı ki, MTN-çilərin qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilib ki, bu səbəbdən də onu "qara kassa” adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan "obşiy kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətlərinin olması xəbərləri də təkzib olunmur. Göründüyü kimi, sabiq nazirin ən yaxın adamı həbsxana yolunda olsa da, Eldar Mahmudovun generalları israrla azadlıq istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA