"Qarabağın məşhur müəllimləri" – Süleyman Ələsgərov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması görkəmli bəstəkar, pedaqoq, respublikanın xalq artisti Süleyman Ələsgərovdur.
Mumtv.az xəbər verir ki, Süleyman Ələsgərov 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub.
"Üzeyir ruhlu sənətkar" kimi dəyərləndirilən Süleyman Ələsgərov ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr edib. A.Zeynallı adına Musiqi Texnikomunun (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) direktoru, mahnı və rəqs ansamblının rəhbəri, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Televiziya və Radio Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru və musiqi bədii rəhbəri, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb. O, 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. Ömrünün son illərində Bakı Musiqi Akademiyasının "Dirijorluq" kafedrasının professoru olub, Akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışıb.
Bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı olub. Musiqinin müxtəlif janrlarında qələmini sınayaraq dəyərli sənət əsərləri yaradan bəstəkarın özünəməxsus musiqi dili vardı. Öz təbirincə desək, gərək yaxşı bəstəkar əsərinin ilk notlarından tanınsın.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.