Siyasət / Dünya

Meksika mediasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarından danışılıb

Meksika mediasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarından danışılıbMeksikanın çoxmilyonlu auditoriyaya malik "Canal Once" telekanalı və nüfuzlu "ABC" radiosu Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçi Federiko Lamonta Ermənistanın son hərbi təxribatlarına dair verdiyi müsahibələri yayıb.

Müsahibələrdə Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan M.Talıbov 30 ilə yaxındır Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal altında saxlayan, bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmuş Ermənistanın növbəti dəfə Azərbaycana qarşı hərbi təcavüzə əl atdığını, bu xüsusda sentyabrın 27-dən etibarən atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından bütün təmas xətti boyu ordumuzun mövqelərini atəşə tutduğunu, habelə beynəlxalq hüququ və beynəlxalq humanitar hüququ kəskin şəkildə pozaraq dinc əhalini və mülkü infrastrukturu hədəfə aldığını, nəticədə əhali arasında iki azyaşlı uşaq da daxil olmaqla onlarca ölü və yaralının olduğunu bildirib.

 

Azərbaycanın BMT Nizamnaməsi çərçivəsində öz ərazilərini azad etmək və əhalisinin təhlükəsizliyini təmin etmək hüququnun olduğunu deyən M.Talıbov hazırda Silahlı Qüvvələrimizin bu məqsədlə əks-hücum əməliyyatları həyata keçirdiyini qeyd edib.

BMT Təhlükəsizlik Şurasının 26 ildən sonra ilk dəfə bu münaqişəni müzakirə etmək üçün bağlı qapılar arxasında toplantı keçirdiyini deyən səfir qurumun münaqişə ilə bağlı 1993-cü ildə qəbul edilmiş dörd məlum qətnaməsini xatırladıb, bu sənədlərin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkünlərin öz evlərinə qaytarılmasını tələb etdiyini, hazırda Şuranın bu qətnamələrin tətbiq edilməsi üçün tədbirlər görməli olduğunu söyləyib.

Eyni zamanda, M.Talıbov Ermənistanın hərbi-siyasi rəhbərliyinin son iki il ərzində aqressivliyinin daha da artdığını, bu ölkənin baş nazirinin ilhaqçı çıxışları və "yeni ərazilər üçün yeni müharibə" siyasəti, Ermənistanın iyulda Tovuz rayonu istiqamətindəki hərbi təxribatı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti, baş nazirin öz ailə üzvlərini işğal olunmuş ərazilərdə hərbi təlimlərə göndərərək bunu ictimailəşdirməsi, habelə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların formatını və mahiyyətini dəyişmək cəhdləri ilə onu iflic vəziyyətə saldığını bildirib. Bütün bunların Ermənistanın yeni müharibəyə kökləndiyinin sübutu olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzə hazırlaşdığına dair dünya ictimaiyyətini əvvəlcə xəbərdar etdiyini deyib.

Diplomat beynəlxalq ictimaiyyətin Ermənistandan təcavüzkar siyasətinə son qoymağı, Azərbaycan ərazilərini azad etməyi, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına mane olmaqdan əl çəkməyi tələb etməsinin vaxtının çatdığını vurğulayıb.

(Sonxeber.az)