Siyasət

Deputat parlamentdəki çıxışına görə prokurorluğa dəvət edildi

Deputat parlamentdəki çıxışına görə prokurorluğa dəvət edildi

Deputat Razi Nurullayev Baş Prokurorluğa çağırılıb. Kanal14.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə deputatın özü bildirib: 

 

"Bir neçə gün əvvəl AzTv-də çıxışım zamanı Binəqədi prokuroru haqqında kəskin danışmışdım. Dəfələrlə zəng etməyimə baxmayaraq, telefonu qaldırmamış və hörmətsizliyə yol vermişdi.

Bu gün məlum məsələ ilə bağlı Baş Prokurorluğa dəvət edildim və Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədov ilə görüşdüm. Açığı hörmətli Kamran Əliyevin Baş prokuror təyin edilməsindən sonra vətəndaşlara, onların şikayətinə münasibətin xeyli dəyişdiyi barədə məlumatlı idim. Bu gün görüşə gedən zaman səhvən əsas qapıdan yox, qəbul şöbəsindən içəri daxil olmalı oldum və prokurorluğa gələn şikayətçilərlə də rastlaşdım.

Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədovla görüşümüz qarşılıqlı anlaşma şəraitində keçdi. Sevindim ki, Baş prokurorluqda yeni bir abi-hava var və məsələlərin müsbətə doğru dəyişməsinə zəmin yaranmaqdadır. Ümid edirəm ki, islahatlar daha da intensivləşəcək. Vacib olan insan faktorudur. Əgər vətəndaş razı salınırsa, xoş qəbul edilib, xoş yola salınırsa, mütləq cəmiyyətə də müsbət siqnallar ötürür”.

Razi Nurullayev bildirib ki, Baş prokuror onunla bağlı məsələyə birbaşa özü müdaxilə edib: "Baş prokuror məsələyə birbaşa özü müdaxilə edib və mən bunu həm Milli Məclisə, həm də Milli Məclisin deputatlarına qarşı sayqı kimi qiymətləndirirəm. Hörmətli Elçin müəllim Baş prokurorluğun müvafiq tədbirlər görəcəyini dedi və bizə də məsələnin sonrakı inkişafını gözləmək qalır”.