İstehsalatda baş vermiş bədbəxt hadisələr – Statistika
Ötən il qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilmiş 88 nəfərin işəgötürənlər tərəfindən əvvəlki işlərinə bərpa edilməsi, bu işçilər barəsində yol verilən qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.
Hesabata əsasən, istehsalatla əlaqəli sayılmış 247 bədbəxt hadisənin təhqiqatı aparılıb, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə "İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub.
İşəgötürənlər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməməsinə, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununan əsasən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmamasına və istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün DƏMX-nə məlumatın verilməməsinə görə 59 halda hüquq pozuntusu aşkar edilmiş və DƏMX-in vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 133600 manat məbləğində cərimə tətbiq olunub./Azinforum.az/