Hadisə

Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

http://olke.az/uploads/1551335589/marixuana.jpg
Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş iki cəhdin qarşısı alınıb.

 Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvana gələn 1979-cu il təvəllüdlü İran vətəndaşı Golsanamlou Peiman Moharram oğlunun idarə etdiyi 15 A 827 dövlət nömrə nişanlı Renault markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman daş yükünün içərisində şübhəli təsvirlər müəyyən olunub.

15 A 838 nömrə nişanlı qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış həyata keçirilib. Bu zaman 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8,169 kq narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Narkotik gizlədilmiş avtonəqliyyat vasitəsinin Naxçıvan MR ərazisindən tranzit keçməklə Türkiyə üzərindən Avropaya gedəcəyi müəyyən olunub.
Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü ölkə vətəndaşı Həsənova Nəzakət Qafar qızı Naxçıvan MR-ya gələrkən şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvündən 46,8 qram həşiş, 21,2 qram marixuana, 4,6 qram metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə Naxçıvan DGK-nın İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.