Hadisə

Moskvada çeçenlər azərbaycanlıların kafesinə hücum etdilər — 10 yaralı

http://olke.az/uploads/1550206359/moskvadava.jpg
 
Moskva şəhərində 100 nəfərin iştirak etdiyi kütləvi dava baş verib.

"Ölkə.Az” xəbər verir ki, insident Rusiya paytaxtının cənub-şərqindəki "Neolit” kafesində baş verib. Kafenin sahibi azərbaycanlı Yaşar Əliyevdir. Dava zamanı ən azı 10 nəfər xəsarət alıb. Artıq 20 nəfər saxlanılıb.

İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.

Hadisə zamanı restoranda Sevgililər günü münasibəti ilə xeyli sayda müştəri olub. Restorana daxil olan Çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. 

Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Canilər gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.

 

"Kafedəki silahlı insidentdən sonra, rayon içində də atışma oldu. Azərbaycanlılar onları maşınlarla təqib edərək atəş açırdılar", - deyən hadisə şahidi Nəsimi Məmmədəliyev "Neolit" kafesinin dağıdıldığını və azərbaycanlıların əmlaklarına ciddi ziyan dəydiyini bildirib.

Şahidlərin məlumatına görə, restoran sahibi Yaşar Əliyev də kürəyindən yaralanıb. Yerli sakinlər təqribən 50 atəş səsi eşidiblər.

Daha sonra Moskvada yol kənarından hadisəni törədən şəxslərin minərək oradan uzaqlaşdığı iki avtomobil aşkar edilib. Avtomobillərdən biri taksi olub. Maşınlar təxliyyə edilib.

Başqa bir hadisə iştirakçısı insidentin çoxdankı münaqişənin davamı olduğunu deyib:

"Bu çoxdankı söhbətdir, münaqişənin davamıdır. Hücum edənlərin məqsədi restoranın sahibi Yaşar Əliyev olub. Heç kim nə baş verəcəyini bilmirdi".