Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Ermənistan ordusu Qarabağda daha iri kalibrli sistemləri işə salır

Ermənistan Müdafiə Nazirliyi Qarabağda gedən döyüşlərdə "daha iri kalibrli silah sistemlərini işə saldığını” elan edib. Erməni tərəfi bildirir ki, bu qərar sentyabrın 29-da səhər saatlarından etibarən Azərbaycan tərəfinin bütün cəbhə boyu "Solntsepyok” TOS-1A, "Smerç” və digər iriçaplı reaktiv artilleriya sistemlərindən, odsaçanlardan və raketlərdən istifadə etməsi ilə əsaslandırıb. Düşmən ordusunun komandanlığı etiraf edir ki, Azərbaycan tərəfinin bu taktikası döyüş əməliyyatlarının məntiqini və miqyasını dəyişir, onu yeni səviyyəyə çıxarır.

 

 

Bu bəyanat əslində Ermənistan ordusunun döyüşlərin üçüncü günündə öz resurslarını tükətdiyi və sarsıdıcı itkilərə məruz qalaraq müdafiənin dərinliklərinə çəkilməyə məcbur olduğunu göstərir. Digər tərəfdən erməni tərəfi əvvəldən də öz arsenalında olan bəzi iriçaplı sistemləri, o cümlədən "Smerç” reaktiv yaylım atəşi sistemlərini tətbiq etməyə başlamışdı. Artıq bu gün səhər saatlarında Azərbaycan ordusu Xocavənd istiqamətində düşmənin "Uraqan” reaktiv yaylım atəşi sistemini məhv edib.

Ermənistan ordusunun silahlanmasında "Smerç”lərlə yanaşı köhnə sovet "Skad” raket qurğuları da var ki, onlar ya hədəfi vura bilmir, ya da ümumiyyətlə uçmaqdan "imtina edir”. Bu baxımdan erməni tərəfinin bu hədələri əslində döyüş əməliyyatları teatrında ciddi dəyişiklik vəd etmir. Düşmən bu sistemləri daha çox Azərbaycan yaşayış məntəqələrinə yönəldə bilər ki, bu zaman Azərbaycan tərəfinin adekvat cavab verməkdən başqa yolu qalmayacaq.

(Virtualaz.org)