Gündəm / Cəmiyyət / Sosial

Karantin nə qədər uzadıla bilər? - Açıqlama

Sərt karantin tədbirlərinin 5 avqusta qədər uzadılması ilə bağlı qərar qəbul edilərsə, bu, çox ciddi və düşünülmüş addım olar.

Kanal14.az bildirir ki, bunu Axar.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə COVİD-19-la mübarizədə dəstək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

O bildirib ki, bu tədbirlər infeksiyanı davamlı olaraq nəzarətdə saxlamağa imkan verəcək:

"Biz son 4 həftəyə yaxındır ki, tətbiq edilən karantin rejimində yoluxma sayında ciddi azalma əldə etməsək də, stabilləşməyə nail olmuşuq. Yəni artıq yoluxma hallarında artım deyil, stabil yoluxma və stabil sağalma müşahidə edilir. Xəstəxanalarımız bu göstəricilərlə tam şəkildə fəaliyyət göstərə bilir. Bu nəticəyə isə biz son 1-2 həftədə nail ola bilmişik. 4 həftəlik sərtləşmiş karantin tədbirlərinin ilk 2 həftəsi çox az effekt verdi. Amma hələ tamamlanmayan son 2 həftə isə daha əhəmiyyətli şəkildə yoluxma sayının azalmasına və üfüqi xətti enməyə doğru təmin etməyə şərait yaratdı. Həmçinin bu dövr ərzində sağalma sayının ciddi artmasına, xəstəxana və klinikalarda çarpayı fondunun da boşalmasına səbəb oldu. Bu nəticəni əldə etməsəydik, həm tibb işçilərinin, həm də çarpayıların çatışmazlığı baş verə bilərdi”.

Nabil Seyidov bildirib ki, karantin rejiminin yumşaldılması hələlik çox tezdir:

"Mütəxəssislər də bildirir ki, yalnız yoluxmada ciddi azalma müşahidə edilərsə, karantin tədbirlərin yumşaldılmasına gedə bilərik. O da yalnız mərhələli şəkildə ola bilər. Hazırda isə yumşalma çox tezdir. Biz yoluxmada mütləq sabit eniş əldə etməliyik. Yoluxma hallarının 400-ün altına düşməsi bizim üçün çox vacibdir. Ümid edirəm ki, növbəti 2 həftədə sərtləşmə olarsa, insanlar sərt karantin tədbirlərinə riayət edəcək”.

Nazirlik nümayəndəsi onu da qeyd edib ki, son günlər Tovuzda baş verən hadisələrlə əlaqədar keçirilən dəstək yürüşü və şəhidlərlə vida mərasimləri yoluxma sayında artıma səbəb ola bilər:

"Nümayişlərə və şəhidlərimizin dəfn mərasimlərində yaxın təmas və fiziki məsafənin saxlanılmaması, maskalardan bir çox hallarda istifadə edilməməsi ilə əlaqədar yoluxma hallarının sayında ciddi artımın olacağı ehtimal edilir. Minlərlə insanın içində böyük ehtimalla virusa yoluxmuş şəxslər olub. Təəssüf ki, bu səbəbdən yoluxma sayında artım görəcəyik. Bu nümayişlər və tədbirlər ciddi artıma səbəb olmasa, iki həftəlik uzadılma kifayət edəcək. Əks təqdirdə isə sərt karantinin növbəti dəfə 2 həftəlik, yəni avqustun 20-dək uzadılması üzərində düşünmək lazım olacaq. Ümid edirəm ki, bu nümayişlərdə və mərasimlərdə iştirak edənlərin sərt karantinlə əlaqədar hazırda ikisaatlıq icazədən istifadə etməsi, yəni daha çox evdə olması və təmaslarının məhdudlaşdırılması, özəl və dövlət qurumlarında işçilərin sayının azaldılması onların digərlərini yoluxdurma ehtimalını azaldacaq. Həmçinin orada iştirak edənlər daha çox cavanlar olduğu üçün onlar bu xəstəliyi ya hiss etməyəcəklər, ya da yüngül keçirəcəklər”.

Nabil Seyidov karantin rejiminin gələcəkdə yalnız mərhələli şəkildə yumşaldıla biləcəyini qeyd edib:

"Biz mərhələli şəkildə karantin tədbirlərinin yumşaldılması planını işə sala bilərik. Ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində və ictimai nəqliyyatda müvafiq hazırlıq işləri görülməlidir ki, biz üçüncü dalğa ilə üzləşməyək. Burada əsas məsələ insanların sağlamlığı və həyatıdır. Hesab edirəm ki, artıq vətəndaşlarımız virusun təhlükəlilik dərəcəsini dərk edir. Əvvəlki illərdəki qrip və pnevmoniya ilə əlaqədar ölüm halları ilə builki ölüm halında aparılan müqayisədə artımın ciddi şəkildə olması bu virusun insan sağlamlığı üçün necə təhlükəli olduğunu göstərir”.