Gündəm

30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir

 
 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir
 
 
 
 
 
 

 

"Qeyri-infeksion xəstəliklərin yükü xəstələnmə, ölüm göstəricisinə və əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir”.

 Kanal14 Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda bu gün keçirilən tədbirdə deyib.

Nazir müavini bildirib ki, dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu isə yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü də artır. Hazırda bu xəstəliklərə diqqət artıb. Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır: "Belə ki, ölkədə qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, 26 faizdir".

 

Nazir müavinin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır: "Burada yalnız öhdəlik səhiyyənin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalıdır. Fiziki aktiv həyatın təbliği, maarifləndirmə, tütündən istifadənin azaldıması buna misaldır”, - R.Əliyev söyləyib

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır. Onun sözlərinə görə, 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir: "Bu ölümlərin qarşısı alına bilər. Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki sırada ürək infarktları və insult durur. Onların ortaya çıxmasına səbəb daha çox duz istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümlərin önəmli qismini azalda bilərik”.

Harmancı əlavə edib ki, Azərbaycanda meyvə-tərəvəz yeyənlərin sayı çox azdır, əhalinin böyük qismi meyvə-tərəvəz yemir. Amma əksinə duz istehlakı həddən yüksək səviyyədədir: "İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (ISIM) həyata keçirdiyi "STEPS” sorğusu bizə bu problemlərlə bağlı önəmli rəqəmlər verəcək. Həmin rəqəmlər isə doğru yolda olub-olmadığımızı aydınlaşdıracaq. Bilməliyik ki, bu problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin edə biləcəkləri deyil. Lazım gələrsə, ölkədə duz istehlakının azaldılması üçün bir çox qurumun bir araya gəlməsi lazım olacaq”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev idə qeyri-infeksion xəstəliklərin risk faktorunun öyrənilməsi məqsədilə keçirilən sorğunun nəticələri haqda məlumat verib. Bildirib ki, 18-69 yaşlı 2801 nəfər arasında sorğu keçirilib: "Sorğunun nəticələri göstərdi ki, insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsi vacib məsələdir. Məsələn, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildirmişdisə, 2017-ci ildə bu rəqəm 25 faiz olub. Maarifləndirmə vərdişlərin dəyişməsinə təkan verir",-mərkəz direktoru deyib.

Tədbirə ÜST-nın Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, o cümlədən digər tibb müəssisələrinin rəhbərləri də iştirak ediblə