Gündəm

Dostu, dostunun sevgilisi, iplə gələnlər... - Mahirə qədər yaşananlar

Dostu, dostunun sevgilisi, iplə gələnlər... - Mahirə qədər yaşananlar
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan milli komandasının və "Qarabağ”ın hücumçusu Mahir Emrelinin Sulutəpədəki evi qarət olunub. Onun 20 min dollar, 17 min manat, qızıl-zinət əşyaları və mobil telefonları oğurlanıb. Araşdırmalardan sonra oğurluğun 3 azyaşlı tərəfindən edildiyi öyrənilib və onlar saxlanılıb.

Bəs görək idman camiyəmizdə başqa kimlər belə hadisələrlə üzləşib. "Yeni Sabah” qarətə məruz qalmış, dələduzluq etmiş və dələduzluqla qarşılaşmış azərbaycanlı idmançılar barəsindəki araşdırmasını sizə təqdim edir:

Ceyhun Sultanov

Cari ilin yanvarında keçmiş futbolçu və "Neftçi”nin hazırkı idman direktorunun evindən oğurluq edilmişdi. Hadisə zamanı Sultanov ailəsi ilə birlikdə Tiflis şəhərində istirahətdə idi.  Maraqlısı budur ki, oğrular evə binanın damından alpinist iplərinin köməyi ilə, 21-ci mərtəbədən sallanaraq daxil olub. Onlar əvvəlcə 19-cu mərtəbədəki mənzilə, ardınca isə klub rəsmisinin 11-ci mərtəbədəki evinə girmişdilər. Hadisə zamanı qarətçilər C. Sultanovun evindən pul, qızıl, zinət əşyaları və s. oğurlamışdı. 

Fəridə Əzizova 

Ötən ilin sentyabrında Azərbaycanın peşəkar qadın taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 67 min manata yaxın pul olan seyf oğurlanmışdı. Hadisə Əzizovanın dostunun sevgilisi tərəfindən törədilmişdi. Bundan sonra təqsirkarı polisə şikayət edən xanım idmançımız pulu qaytarılmağı qarşılığında şikayətiçi olmamışdı. 

Cavid Hüseynov, Elvin Məmmədov

2017-ci ildə "Qəbələ”də çıxış edən futbolçular - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarına görə polisə şikayət etmişdi. C.Hüseynova 60 min, E.Məmmədova isə 40 min manat dəyərində ziyan dəydiyi qeyd edilirdi. Maraq üçün bildirək ki, hazırda hər iki futbolçu "Zirə”də komanda yoldaşıdırlar. 

İlqar Məmmədov

Keçən ilin dekabrında qılıncoynatma üzrə tanınmış idmançı İlqar Məmmədovun Rusiyadakı evi qarət edilmişdi. Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisinin evinə plastik pəncərəni sıxma yolu ilə daxil olaraq zərgərlik məmulatlarını və altı qadın qol saatını aparmışdılar.

Dmitri Bezotosnı

Cari ilin mayında "Qəbələ" futbol klubunun keçmiş qapıçısı Dmitri Bezotosnının yaşadığı mənzildən 5 min ABŞ dolları oğurlandığı haqda məlumatlar yayılmışdı. Oğurluq edən şəxsin futbolçunun uşaqlarının dayəsi olduğu deyilirdi. Lakin ukraynalı qolkiper bunu təsdiq etməmişdi.

Qeyrət Əiyev 

2016-cı ildə "Bakı" futbol klubunun keçmiş kapitanı Qeyrət Əliyevin Xətai rayonundakı evinə oğru girməyə cəhd etmişdi. Lakin futbolçunun ayıqlığı nəticəsində hadisənin qarşısı alınmışdı. Sonradan məlum olmuşdu ki, cinayətkar Qeyrət Əliyevlə bir məhəllədə qalır.  Bu səbəbdən futbolçu onu polisə şikayət etməkdən vaz keçmişdi. 

Rahid Əmirquliyev

Bu ilin mart ayında "Səbail”in kapitanı Rahid Əmirquliyevə və bir qrup şəxsə qarşı dələduzluq olunmuşdu. Belə ki, futbolçuya vəd edilən 2 mənzil başqasına satılmış, bu səbəbdən də millimizin üzvünə 150 min manatdan çox ziyan dəymişdi. Hadisəni törətməkdə təqsirli bilinən Çingiz Bağırov və Eynur Xudiyev isə həbs olunmuşdu.

Rəhman Hacıyev

2017-ci ilin martında 2 nəfər şəxs tərəfindən Masazırda 8 avtomobil qarət edilmişdi. Zərərçəkənlər arasında "Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev də olub. 

Maşallah Əhmədov

Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd etsə də, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da geri qaytarmamışdı. Bu səbəbdən 2015-ci ilin dekabrında azadlıqdan məhrum edilən sabiq futbolçu 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı.

/Yenisabah