Gündəm

"Azərbaycan Dəmir Yolları" QSC-nin tərəfdaşı olmuş şirkət ləğv edilir — BEYNƏLXALQ KORRUPSİYA QALMAQALINA GÖRƏ


Bu gün, avqustun 8-də "Trans-Siqnal-Rabitə" MMC könüllü ləğv olunduğunu elan edib. 

DogruXeber.az xəbər verir ki, sənədlərə görə, o, Bakı-Böyük Kəsik dəmir yolu boyunca siqnal sistemlərinin alınmasında və quraşdırılmasında iştirak edib (503 km) və "Bombardier Transportation" şirkəti ilə korrupsiya sövdələşməsində olub.

Kreditorlara göndərilən bildirişdə deyilir ki, onlar tələblərini bu ünvana təqdim edə bilərlər: Bakı şəhəri, Natiq Əliyev küç, ev, 46, mənzil 75.

Jurnalist araşdırmasında göstərilir ki, İsveçin "Bombardier Transportation" şirkəti özünün rus törəməsi ilə birgə Azərbaycanda iş aparmaq üçün bir konsorsium qurub. "Trans-Siqnal-Rabitə" MMC yerli tərəfdaş seçilib. 








 

 










Tərəflər "Azərbaycan Dəmir Yolları" QSC ilə 340 milyon dollar məbləğində müqavilə bağlayıb. "Trans-Siqnal-Rabitə" MMC-nin bu layihədəki payı 44 milyon manat təşkil edib. Sonradan məlum oldu ki, bu vəsaitlərin bir hissəsi ofşor hesablara köçürülməklə mənimsənilib.









 

 






"Trans-Siqnal-Rabitə" MMC-nin hüquqi ünvanı (2008-ci ilin aprel ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndində Elxan Zohrab oğlu Əliyev tərəfindən təsis edilib) Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan kəndindəki mənzillərdən biridir. Bu mənzildə bir neçə digər hüquqi şəxs qeydiyyata alınıb ("Meqabayt" MMC, "Genser-Panel" MMC, "Real-Biznes-R" MMC, "Universal-2009" MMC, "Simurq 2009" MMC, "Titan 2009" MMC və "DİA-A" MMC). Bunların bəzilərinin adları dövlət satınalmalarında çəkilir.










 

 




Onu da qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 3 757,571 milyon manat təşkil edib. Bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 3% çoxdur.

Hesabat dövründə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 13,9% artaraq 2 900,728 milyon manat, cəmi kapitalı isə 22,3% azalaraq 856,843 milyon manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 806,062 milyon manat olub.

2017-ci ildə ADY-nin əməliyyat gəlirləri 384,648 milyon manat (2017-ci ilə nisbətən 5,95% çox), əməliyyat xərcləri 427,596 milyon manat (15,4% çox), digər xərcləri 510,286 milyon manat (8,6% az), mənfəət vergisi ödəmələri isə 2,309 milyon manat (1 il əvvəl qənaət edib) təşkil edib.

Son nəticədə ADY 2017-ci ili 555,543 milyon manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 11,85% çoxdur. Hesabat dövründə qurumun yığılmış zərəri isə 2 dəfədən çox artaraq 1 103,384 milyon manata çatıb.
Qeyd edək ki, səhmdar cəmiyyəti 2018-ci ilin yekunları ilə bağlı maliyyə hesabatını hələ açıqlamayıb.
(Mənbə Turan İA)