Gündəm

Azərbaycanda ov mövsümü başladı


Bu gündən Azərbaycanda ov mövsümü açıq elan olunur.

Bunu KİV-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov deyib.

O, heyvanların ovlanma tarixlərini də açıqlayıb:

-Dağıstan turu 1 iyun - 12 oktyabr;

-Qaban (çöldonuzu) 14 sentyabr - 21 dekabr;

-Dovşan 16 noyabr 2019-cu il - 11 yanvar 2020-ci il;

-Bataqlıq qunduzu (nutriya) - 5 oktyabr 2019-cu il - 15 fevral 2020-ci il;

-Cüllüt (ağquyruq çökük burun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) - 14 sentyabr 2019-cu il - 23 noyabr 2019-cu il;

-Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) - 12 oktyabr 2019-cu il - 7 mart 2020-ci il;

-Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) -12 oktyabr 2019-cu il - 7 mart 2020-ci il;

-Qaşqaldaq 12 oktyabr 2019-cu il - 7 mart 2020-ci il, Alabaxta və bildirçin 24 avqust 2019-cu il - 16 noyabr 2019-cu il.

Ovçular Nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim edərək ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir.

Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, Dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar - yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər.

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz.