Gündəm / Cəmiyyət / Foto

Məşhur uşaq qidası ilə bağlı qalmaqal böyüyür – “Veysəloğlu”dan Baş Prokurorluğa cavab

Məşhur uşaq qidası ilə bağlı qalmaqal böyüyür –

Xəbər verildiyi kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb.
Məlumatda deyilir ki, Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə "Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində "Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Məsələ ilə bağlı Bizimyol.info-ya "Veysəloğlu” MMC-dən verilən məlumata görə yayılan bu məlumatlar həqiqəti əks etdirmir və şirkət tərəfindən 1 noyabr 2018-ci il tarixindən etibarən "Nutricia” şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı "Nutricia” şirkəti ilə müqaviləsinə xitam verib. Bu səbəbdən də yaşanan bu problemə görə şirkət heç bir məsuliyyət daşımır:

""Veysəloğlu” MMC haqqında mətbuatda qeyd edilən uşaq qidası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Şirkət iyun 2007- aprel 2018-ci il tarixlərində Nutricia B.V. (Niderland Krallığı) şirkəti ilə əməkdaşlıq etmiş və qeyd edilən şirkətin məhsulları olan Nutrilon və Malyutka markalarının respublikamıza dağıtımını həyata keçirmişdir. Lakin 2018-ci ilin aprel ayından etibarən şirkətimiz "Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırmışdır. 1 noyabr 2018-ci il tarixindən etibarən isə adı çəkilən istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilmişdir.

"Nutricia” şirkətindən ən son idxal etdiyimiz məhsulların ("Malyutka 2” – 350 gr) son istifadə tarixi 06.03.2020-dir. Mətbuatda yayılan fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə 19.03.2020-dir. Yəni mediada şəkilləri yayılan "Malyutka 2” uşaq qidası "Veysəloğlu” MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir şirkət tərəfindən ölkəyə gətirilmişdir.

Xüsusi olaraq qeyd etmək istərdik ki, "Veysəloğlu” MMC tərəfindən 1 aprel 2018-ci il tarixindən etibarən "Nutricia” şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı "Nutricia” şirkətinə sifariş verilməmişdir. Xitam müqaviləsinin imzalanmasına qədər (1 noyabr 2018- ci il tarixinədək) satılan bütün məhsullarla bağlı "Veysəloğlu” MMC məsuliyyət daşıyıb. Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən "Nutricia” fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı hallanan "Malyutka 2” ( 350 gr) uşaq qidası ilə bağlı yaranan hər hansı bir problemə görə "Veysəloğlu” MMC məsuliyyət daşımır.

Eyni zamanda qeyd etmək istərdik ki, xitam müqaviləsi imzalandığı tarixdə "Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və ambarlarımızda saxlanılan bütün məhsulları "Nutricia” şirkətinin təyyin etdiyi İDC 2000 şirkətinə təhvil verilib. Yararsız mallar isə İDC 2000 şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilmişdir.

Qeyd etmək istərdik ki, əməkdaşlığın bitməsindən sonra "Veysəloğlu” MMC nümayəndəsi tərəfindən istehsalçı və idxalçılara yazılı şəkildə, həmçinin telefonla satış nöqtələrində sərgilənən məhsulların üzərində rəsmi distribyuterin "Veysəloğlu” MMC şirkətinin qeyd olunduğu və son istifadə müddətinin az qaldığı üçün yığışdırılması tələb edilmişdir. Əlavə olaraq əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma üzərində idxala dair qeyd olunan "Veysəloğlu” MMC-nin adının çıxarılması xüsusi ilə tələb edilmişdir”.

Şirkətdən verilən məlumatda bildirilir ki, bu yayılan məlumatların onların işgüzar nüfuzuna xələl gətirdiyi üçün hüquq mühafizə orqanlarına müraciət edəcəklər:

"Sözü gedən məhsulun istehsalı və dağıtımı ilə əlaqədar olaraq İstehsalçı "Nutricia” və idxalçı "İDC 2000” şirkəti tərəfindən "Veysəloğlu” MMC-yə qarşı kobud şəkildə qanunvericilik tələbləri pozulmuş, etiketlənmə prosesində idxalçı haqqında səhv informasiya verilməklə şirkət adı düzgün qeyd edilməmişdir. Bununla da, "Veysəloğlu” MMC-nin işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Bu barədə "Veysəloğlu” MMC olaraq, istehlakçıların hüquqlarının pozulması və şirkət adının doğru hallanmaması ilə əlaqədar olaraq istər istehsalçı, istər idxalçı şirkət haqqında hüquq mühafizə orqanlarına müraciət ediləcək”.