Gündəm / İqtisadiyyat / Cəmiyyət

Bu klinika Fərhad Əliyevin şirkətinə 200 minlik tender verdi

Bu klinika Fərhad Əliyevin şirkətinə 200 minlik tender verdi

Adı ötən il qalmaqallarda hallanan, hətta Baş prokurorluq tərəfindən barəsində cinayət işi açılmış "Sumqayıt Tibb Mərkəzi” yeni tender müsabiqəsi elan edib.

"Kanal14.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, həmin tenderin qalibi "DRESS UNİFORM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tenderin şərtlərinə əsasən "DRESS UNİFORM” şirkəti (bu barədə əlavə məlumat verəcəyik-red.) "Sumqayıt Tibb Mərkəzi”nə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması xidmətini göstərəcək. Bunun müqabilində isə Mərkəz şirkətə 199 min manatlıq sifariş verib.

Qeyd edək ki, tender üzrə qalibin elnaı bu ilin 17 iyulunda açıqlanıb.

Bildirək ki, "Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin adı bir neçə qalmaqallı hadisədə hallanıb. Hələ ötən ilin sonlarında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında araşdırma aparmışdı. Bu zaman məlum olmuşdu ki, dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməyib və mənimsənilib. Ardından isə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Tribunainfo.az xəbər verir ki, bu hadisədən sonra, ötən ilin sonlarında Sumqayıt Tibb Mərkəzinin rəhbəri Sevinc Sadıxova işdən azad edilmişdi. Onun yerini isə adı qalmaqallarda hallanan başqa bir baş həkim təyinat alıb. Belə ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanov baş direktor təyin edilib. Bəzi mənbələrdə Azadxanovun hələ Cəlilabadda işləyərəkən ciddi pozuntulara yol verdiyi bildirilir. Lakin TƏBİB-in keçmiş rəhbəri Ramin Bayramlı sayəsində bir neçə dəfə xətadan xilas ola bilib.

Tribunainfo.az tenderin qalibi olan "Dress Uniform” şirkəti barədə də araşdırma aparıb. Məlum olub ki, kiçik və böyük şirkətlər, təhsil, hərbi, tibbi, dövlət və digər sahələr üçün xüsusi iş geyimləri istehsal edən "Dress Uniform” 2019-cu ildən fəaliyyət göstərir. Şirkətin sabiq iqtisadiyyat naziri Fərhad Əliyevin himayəsində olduğu iddia olunur.

O da bildirilir ki, Əliyev və Azadxanov Cəlilabaddandırlar və bir birlərinə simsar olduqlarından sözügedən şirkətlə razılaşdırılmış "tender oyunu” həyata keçiriblər.