Gündəm / Cəmiyyət / Sosial

40 min adam işini itirə bilər: “Azəriqaz”la DOST-un ixtisar planı – ayda 12,8 milyon manat…

azeriqaz-ib-de-kadr-deyisikliyi-olub

Kanal14.az: - Z.B.: 2016-ci ildən Ağsu Regional Qaz İdarəsində işləyirəm. Lakin 2021-ci ildə bizimlə müqaviləni DOST ( "DOST İş Mərkəzi-red) bağladı, ondan sonra onların xətti ilə qaz idarəsində işləyirdim.

J.: Bu, necə baş verib? Sizi əvvəl "Azəriqaz”ın özü işə götürübsə, sonradan DOST İş Mərkəzi niyə müqavilə bağlayıb?

Z.B.: 2016-ci ildə məşğulluğa (Məşğulluq Agentliyi-red) iş üçün müraciət etmişdim. Mənə VÖEN açdırıb, sahibkar kimi "Azəriqaz” İstehsalat Birliyinin Ağsu İdarəsində işə götürdülər.

J.: Siz sahibkar olaraq orada hansı sahədə xidmət göstərirdiniz?

Z.B.: Müxtəlif sahələrdə. Məsələn, sayğac yoxlanılanda nəzarətçilərə kömək edirdim. Başqa işlər olurdu, yəni fəhlə işləyirdik. Bizimlə əmək müqaviləsi deyil, xidməti müqavilə bağlayıb, VÖEN açdırmışdılar. 2021-ci ildə DOST bizi işə götürəndə VÖEN-mizi bağladılar və əmək müqaviləsinə keçdik. Maaşımızı da "Azəriqaz” deyil, DOST Mərkəzi ödəməyə başladı. 2024-ci ilin iyun ayında işdən çıxarılmağımla bağlı bildiriş gəldi. Müqavilələrimiz aylıq bağlanırmış və hər ay yenilənirmiş. İndi aylıq müqaviləni yeniləmədilər və heç bir əsas göstərmədən xitam verdilər.

j.: Sizin işlədiyiniz idarədə DOST İş Mərkəzinin xətti ilə nə qədər işçi işdən çıxarılıb?

Z.B.: Deyirlər ki, bu xətlə gələnlərin hamısını işdən çıxaracaqlar. Ən birinci 14 nəfərin müqaviləsinə xitam verildi, bu gün də (iyul ayının 10-da-red.) 3 nəfəri işdən çıxarıblar.

Bu fikirləri Globalinfo.az-a "Azəriqaz” İB-dən işdən çıxarılan Ağsu rayonu, Qaraqaşlı kənd sakini Zamin Bəşirov bildirib.

Z.Bəşirovun əsas peşəsi sürücü olsa da, ona Məşğulluq Agentliyindən bu istiqamətdə vakansiya yerinin olmadığını bildiriblər. Nəticədə sürücü kimi işaxtaran olaraq qeydiyyata alınsa da, "Azəriqaz”ın regional idarəsində fəhlə kimi işə götürülüb. O deyir ki, hazırda 326 manata qədər maaş alırdı və yaşadıqları rayona görə bir təhər dolana bilirdi. İki övlad sahibi olan müsahibimiz hazırda kredit borcu olduğunu və ödəmək üçün gəlir yerinin tam kəsildiyini bildirir: "Borcla, kreditlə övladımın birini 2 dəfə əməliyyat elətdirmişəm. İndi krediti necə ödəyəcəyimi bilmirəm. İş üçün yenidən müraciət etmişəm, işsiz kimi qeydiyyata düşmüşəm”.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə vurğulayır ki, son aylar müxtəlif qurumlarda kütləvi ixtisar gedir. Onun sözlərinə görə, təşkilata daxil olan məlumatlara görə, belə ixtisarlar "Azəriqaz”ın və "Azərsu”nun regional idarələrində, habelə SOCAR-a bağlı olan bəzi şirkətlərdə aparılır: "Bizim təşkilata əsas şikayət Ağsu və Biləsuvar rayonlarından gəlib. Aldığım məlumata görə, "Azəriqaz”ın idarələrindən 100-dən çox işçi ixtisara düşüb. "Azərsu”da 5 min işçinin ixtisarı gözlənilir və proses başlanılıb. Bu işçilərlə "ictimai iş” adı ilə müqavilə bağlanıb. İctimai iş nə deməkdir? Bir müəssisəyə işçi göndərilirsə, konkret ixtisası, görəcəyi iş bilinməlidir”.

M.Qəhrəmanlı baş verən prosesin Əmək Məcəlləsinə zidd olduğunu deyir:

"Bir çox işçilər uzun illərdir müvəqqəti əmək müqaviləsi ilə işləyib. Halbuki Əmək Məcəlləsinə görə, 5 ildən sonra daimi əmək müqaviləsinə keçirilməliydilər. Amma onlarla nəinki daimi əmək müqaviləsi bağlanıb, məlum olur ki, aylıq müqavilələrlə işlədiblər. İstər xidməti, istər əmək müqaviləsi olsun, hər ikisində Əmək Məcəlləsinin maddələrinə əməl olunur. İndi bu insanlarla "Azəriqaz” deyil, digər hansısa qurum müqavilə bağlayıbsa, onda hansı şərtlər əsasında aparılıb?”.

Digər müsahibimiz Elvin Cavadov da 2016-ci ildən işlədiyi Ağsu Qaz İstismar İdarəsindən ixtisara düşüb. Onun sözlərinə görə, əvvəl məşğulluq qurumunun xətti ilə çilingər köməkçisi olaraq göndərilib: "Sənəd üzərində adım çilingər köməkçisi kimi gedirdi. Amma harda gəldi işləyirdim, hansı işə göndərirdilər, gedirdim. Hətta anbarda, tikintidə qazıntı işlərinə qədər işləyirdik. "Azəriqaz”da 8 il işləmişəm və heç kimlə mübahisəm olmayıb. İşdən çıxarılmağımla bağlı da mənə heç bir bildiriş təqdim edilməyib. İyunun 10-da 1400 ədəd qaz sayğacını yük maşınından boşaltmışıq. Sonra axşam evə gələndə, uşaqlar mənə zəng etdilər ki, ixtisarlarla bağlı siyahı gəlib və orada adı olanlardan biri də mənəm”.

"Bizim müqaviləmizin aylıq olduğunu bilmirdik, xitam veriləndə xəbərimiz olub. 2021-ci ilə qədər xidməti müqavilələr ildə bir dəfə bağlanırdı və imza da atırdıq. 2021-ci ildən sonra bizi DOST-da yenidən qeydiyyata alıb əmək müqaviləsi bağladılar. Ancaq işdən çıxanda öyrənmişik ki müqavilələr aylıq olub və avtomatik hər ay uzadılıb”- deyə müsahimiz qeyd edir.

"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev isə "Azəriqaz”ın yerli qurumlarındakı ixtisarlarını təkzib edir. E.Vəliyev qeyd edir ki, "Azəriqaz”la müqaviləsi olan işçilərin ixtisarı aparılmır. Vəliyev bizə məsələni DOST İş Mərkəzi ilə aydınlaşdırmağı məsləhət bildi.

DOST İş Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq bildirdilər ki, Mərkəzin təqdim etdiyi ödənişli ictimai işlər daimi iş yeri deyil və dövlət tərəfindən iş təcrübəsi olmayan şəxslərin bu təcrübəni əldə etməsi, müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə yaradılıb. Həmin şəxslərin də əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilib.

DOST İş Mərkəzinin hazırda ölkə üzrə bütün icra hakimiyyətləri, eləcə də 37 iri dövlət qurumu ilə əməkdaşlıq etdiyi məlum olur. "Bu qurumlarda ödənişli ictimai işlərdə çalışan 40 mindən çox işçinin əmək haqları DOST İş Mərkəzi tərəfindən ödənilir. Hazırda rayonlar üzrə vakansiyalar mövcud deyil”- deyə cavabda qeyd edilir.

İş Mərkəzinin fəaliyyətinin, vətəndaşların ictimai işlərə qəbulunun hansı hüquqi baza əsasında icra olunduğuna dair sualımıza cavab isə açıq qalıb. Lakin işçilərə gələn bildirişdən məlum olur, bu insanların "ictimai işçi” olaraq hüquqları Nazirlər Kabinetinin 84 saylı Qərarı ilə təsdiqlənmiş "Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”na əsasən tənzimlənib. (Şəkil 1)

Əmək münasibətləri üzrə hüquqşünas Azər Quliyev deyir ki, Nazirlər Kabinetinin bu qaydalarının 2.4-cü bəndində ictimai işlərin növləri tam olaraq göstərilib və "Azəriqaz”in səlahiyyətinə daxil olan işlər bu bəndlərə daxil deyil. Buraya aşağıdakı ictimai iş növləri daxildir:

Şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;

Yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;

Yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;

Kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;

Qocalara, əlilliyi olan şəxslərə qulluq;

Digər sosial əhəmiyyətli işlər.

Hüquqşünasın sözlərinə görə, Nazirlər Kabinetinin hər hansı bir Qərarı Əmək Məcəlləsinə və digər qanunlara əsasən hazırlanıb: "Qanunda sosial, ictimai iş yerlərinin dəqiq sahələri göstərilib. Bir də bəzi müəssisələr var ki, işlərinin həcmi çoxdur, lakin o işləri gördürəcək işçiyə ödəniş etməyə kifayət qədər maliyyəsi yoxdur. Eyni zamanda beynəlxalq əhəmiyyətli tədbirlərdə müəyyən işlərin görülməsi üçün könüllülər yaradıb, onlara minimum ödənişlər verməklə ictimai işlərə cəlb edirlər. Lakin "Azəriqaz” təsərrüfat hesablı qurum olaraq həm qaz satıb gəlir əldə edir, həm də dövlət büdcəsindən də müəyyən maliyyə alır. Ona görə də "ictimai iş” yerlərinə göndərişlər "Azəriqaz” kimi quruma şamil edilə bilməz”.

A.Quliyevin fikrincə, belə aylıq əmək müqavilələrin bağlanması qanunsuzdur:

"Belə aylıq müqavilələr qanunsuz müqavilələrdir. DOST Mərkəz niyə "Azəriqaz” üçün işçi cəlb edib, minimum ödənişini təmin etsin? "Azəriqaz” İB-də çilingər minimum 700 manat maaş alır. DOST İş Mərkəzi ora çilingər göndərib, dövlət büdcəsi hesabına minimum ödəniş edir. Əslində bu, işçilərin cibinə girməkdir. "Azəriqaz” sosial iş yeri deyil. Onların gəliri özlərinə işçi götürməyə imkan verir”.

DOST İş Mərkəzi "Azəriqaz”la bağlanan xidməti müqavilələrin maliyyəsini öz üzərinə necə götürüb?

Bununla bağlı "Azəriqaz” İB sualımıza cavab verməkdən imtina edib, araşdırmağı bizim öhdəliyimizə buraxdı. AZƏRTAC-ın 2020-ci ilin dekabrında gedən xəbərində "Azəriqaz” İB-nin fərdi sahibkarlarla bağladığı bütün mülki-hüquqi müqavilələrə xitam verərək, onlarla DOST İş Mərkəzinin əmək müqaviləsi bağlayacağı qeyd edilir. Belə ki, 2016-ci ildən başlayaraq əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması məqsədilə iri dövlət müəssisə və təşkilatlarında haqqı ödənilən ictimai iş yerlərinin təşkil olunması məqsədilə "Azəriqaz” ilə mülki-hüquqi müqavilə əsasında xidmət göstərən fərdi sahibkarla xidməti müqavilələri bağlanılıb. Bu müqavilələrin sayı təqribən 8500 nəfəri əhatə edir.

Daha sonra DOST İş Mərkəzi ilə "Azəriqaz” İB arasında saziş imzalanıb. Həmin sazişə görə, İstehsalat Birliyi 2020-ci ilin dekabrın 30-dan etibarən fərdi sahibkarlarla bağlanan xidməti müqavilələrə xitam verir. Əvəzində DOST İş Mərkəzi 2021-ci ilin yanvar ayından həmin şəxslərlə əmək müqaviləsi bağlamasına dair öhdəlik götürüb. Beləliklə, "Azəriqaz”ın "əlavə işçi kvotası”na dair öhdəliyini digər bir dövlət qurumuna ötürürlər.

Qeyd edək ki, "DOST İş Mərkəzi” MMC olaraq, 2018-ci ilin 30 oktyabrında DOST Agentliyinin tabeliyində yaradılıb. 2019-ci ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin dostu” proqramına başlanılıb. Bu proqram əsasında cəlb edilən 40 mindən çox işçinin hazırda taleyi sual altındadır. Çünki onlarla daimi deyil, aylıq müvəqqəti müqavilələr bağlanıb. Əgər ixtisarlara başlanılıbsa, bütün müvəqqəti əmək müqavilələrinə xitam veriləcəkmi?

Bəs, "ictimai işçi”lərin əməkhaqlarının ödənməsinə hər il dövlət büdcəsindən nə qədər vəsait ayrılır?

DOST İş Mərkəzinə ünvanladığımız sorğuda bu suala cavab verilmədi. Lakin ictimai işlə əlaqədar edilən ödənişlərin minimum əməkhaqqından az olmayacağını bilirik. Eyni zamanda belə işçilərin sayının 40 min nəfərin üstündə olduğunu da nəzərə alsaq, 2024-cü ilə dövlət büdcəsindən aylıq 12,8 milyon manatdan çox vəsaitin yönəldiyini demək olar.
Globalinfo.az-ın araşdırma qrupu