Gündəm / Siyasət / Cəmiyyət

Namizədlər İlham Əliyevi təbrik etdilər

Namizədlər İlham Əliyevi təbrik etdilər

Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı bəyanat yayıb.

"Kanal14.az"ın məlumatına görə bəyanatda deyilir:

"Öz xalqını qalibiyyətə çatdıran, ölkəsini Qalib Ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər bizim komandamıza müsbət təcrübə qazandırmış və xalqla daha yaxın ünsiyyətimizə imkan yaratmışdır. Müşahidəçilərimizin rəyinə əsasən seçkilərin ilkin nəticələrini Azərbaycan xalqının iradəsinin göstəricisi hesab edir və bu seçkilərdə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi ürəkdən təbrik edirik. Prezident İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq".

Böyük Quruluş Partiyası da Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu Prezident seçkiləri demokratik rəqabət mühitində keçirilmiş və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmamışdır. Biz, Böyük Quruluş Partiyasının sədri prezidentliyə namizəd Fazil Mustafanın seçki qərargahı olaraq bu Prezident seçkilərinin ilkin nəticələrini tanıyır, səsvermənin ilkin nəticəsini qanuni hesab edir və Azərbaycan xalqının böyük etimadını qazanaraq Prezident seçilən İlham Əliyevi qələbə münasibətilə təbrik edirik.

İnanırıq ki, xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini qısa zamanda göstərəcək”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Biz seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik”.

Milli Cəbhə Partiyası da növbədənkənar seçkilərin nəticələri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, Seçki qərargahının üzvləri və Partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik”.

Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahı seçkilərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərmişdir. Bu qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq. Prezidentliyə namizəd Fuad Əliyev üçün səsəverməyə gəlmiş və öz səsini Fuad Əliyevə vermiş bütün seçicilərimizə öz dərin minnətdarlığımızı bildiririk".

Böyük Azərbaycan Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Böyük tarixi sınaqdan, qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra keçirilən bu seçkilərdə xalq yenidən öz qalib lideri olan İlham Əliyevə böyük etimad göstərdi. Seçkilərin ilkin nəticələrini legitim hesab edir və qələbə münasibətilə İlham Əliyevi səmimi qəlbdən təbrik edirik, ona çətin fəaliyyətində uğurlar arzulayırıq".