Gündəm / Cəmiyyət / Təhsil

Rektorlar “Ali təhsil haqqında” Qanuna qarşı

Rektorlar

Kanal14.az: - Universitetlərə muxtariyyət verilərsə, rektorlar, prorektorlar, dekan və dekan müavinləri kürsülərini itirə bilərlər.

"Ali təhsil haqqında” qanun layihəsinin qəbul olunmasının gecikməsinin səbəbləri açıqlanıb. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sədr Bəxtiyar Əliyev danışıb. O qeyd edib ki, ötən ilin noyabr ayının sonunda bu qanun layihəsinin birinci oxunuşu üçün iclas nəzərdə tutulurdu.

"Bildiyiniz kimi, müvafiq icra orqanlarına təklif və rəylər üçün müraciət göndərmişdik. Onlardan bizə çoxlu təkliflər daxil oldu. Nazirliklə məsləhətləşmələrdən sonra qərara gəldik ki, bir neçə müvafiq icra hakimiyyəti orqanına qanun layihəsini yenidən göndərək. Amma düşünürəm ki, yaz sessiyası çərçivəsində biz qanun layihəsini müzakirəyə çıxara biləcəyik. Bilirik ki, bütün ali təhsil müəssisələri bu qanun layihəsinin qəbul olunmasını gözləyir”,- deyə komitə sədri bildirib.

Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək. Əsas təkliflər sırasında ali məktəblərə muxtariyyət verilməsi idi. Pilləli dissertasiya müdafiəsi təklif olunmuşdu. Ali məktəb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı maddələr də var idi. Bu təkliflərin qəbul edilib-edilməyəcəyi haqqında məlumat verilməyib. Niyə bu qədər çətindir bu qanunu qəbul etmək? Rektorlar müqavimət göstərir, yoxsa başqa səbəblər var?

Rektorlar

Vüsal Kərimli


Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli dedi ki, qanun uzun müddətdir ki, müzakirə olunur və doğrudan da universitetlərə muxtariyyətin verilməsi məsələsi aidiyyəti tərəflərin marağında deyil: "Çünki muxtariyyətin verilməsi o anlama gələcəkdi ki, rektor və prorektorlar, dekan və dekan müavinləri müddətli və seçki ilə seçiləcək. Bu səbəbdən də qanunun qəbulu yubanır. Düzdür, bəzi dövlət universitetləri publik hüquqi şəxsə çevrildi. Bunu universitetlərə maliyyə azadlığının verilməsi, addımlarında müəyyən sərbəstliyin verilməsi ilə əlaqələndirdilər. Amma düşünürəm ki, bu qanunun qəbul edilməsi o qədər də asan olmayacaq”.

Rektorlar

Kamran Əsədov


Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini açıqladı. Onun sözlərinə görə, "Ali təhsil haqqında” Qanun bir neçə səbəbdən yubanır: "Birincisi, elmi adlarla bağlıdır. Təəssüf ki, Azərbaycanda hər il ikipilləli elmi adlar verilir. Amma bu birpilləli olmalıdır. Bu istiqamətdə ciddi müqavimətlər var, bunu da bir sıra məmurlar göstərirlər. Çünki bunlar kiminsə marağındadır. Hesab edirəm ki, Azərbaycanda elmi adların verilməsinə yenidən baxılmalıdır. Həmçinin ali təhsil müəssisələrində ixtisaslar üzrə təhsilin müddətləri məsələsi ciddi müzakirə predmetidir. Müəyyən ali təhsil müəssisələri, məmurlaşmış rektorlar bu məsələdə mənfi mövqelərini ortaya qoyurlar. Hesab edirəm ki, ali təhsilin əlçatanlığı istiqamətində problemlər var. Misal üçün, ali təhsil müəssisələrinə qəbul qaydalarının daha da sadələşdirilməsi məmurların etirazına və narazılığına səbəb olur. Bu gün ali təhsilin pillələrinin müddətləri kifayət qədər uzundur. Ali təhsil müəssisəsinə qəbul olmuş şəxs əmək bazarında daha gec daxil olur və onun əldə etdiyi bilik və bacarıqlara əmək bazarında o qədər də ehtiyac qalmır. Ali təhsil müəssisələrinə qəbul qaydalarının müqaviməti, eyni zamanda magistratura və doktoranturanın qəbul qaydalarının sadələşdirilməsi istiqamətində müqavimətlər var. Bu, ciddi bir məsələdir”.
Ekspert əlavə edib ki, Azərbaycanda ali təhsil müəssisələrinin beynəlxalq reytinqdə olmamasının bir neçə səbəbi var ki, onların da içərisində təkmilləşdirmə işlərinin həyata keçirilməsi, elmi adların verilməsi ilə bağlı mövcud problemlərdir: "Həmçinin rektorların təyinat məsələsi, onların fəaliyyət müddəti ilə bağlı mütəmadi müqavimət var. Əgər "Ali təhsil haqqında" Qanun qəbul edilərsə, Azərbaycanda ali təhsilin təhsil formalarından distant təhsil rəsmiləşəcək. Bu da bir çoxlarının marağına uyğun deyil. Buna görə də qanunun qəbul olunması gecikir".

Rektorlar

Telman Cəfərov


Filologiya elmləri doktoru, əməkdar müəllim Telman Cəfərov ali təhsil müəssisələri ilə bağlı təkliflərini Elm və Təhsil Nazirliyinə göndərdiyini bildirdi: "Bu, sadəcə, bir təhsil pilləsi ilə bağlı qanun deyil. Ölkənin hazırkı və perspektiv inkişafı ondan asılıdır. Bu, elmə, sənayeyə, ölkənin insan resurslarının qorunmasına və inkişafına, əqli və maddi mülkiyyətimizə... inteqrasiya olunmuş sinkretik qanunvericilik aktıdır. Ölkənin ali təhsil sistemini başqa relslər üzərinə daşımalıyıq. Qanun layihəsində görmək istədiyim bir sıra məqamlar da var. İlk olaraq universitetlər müstəqil təsərrüfat subyektinə çevrilməlidir, müstəqil tələbə qəbulu həyata keçirilməlidir. Təcrübə-istehsalat bazaları şəbəkəsinə malik olmaqla universitetlərin tədris-elm-istehsalat komplekslərinə çevrilməsi mühümdür. Hətta tələbə startupları qarışıq dövlət və maraqlı biznes strukturları tərəfindən profil üzrə istənilən layihələrin maliyyələşdirilməsi üçün maliyyə dəstəyi göstərilməlidir. Milli məzmun və spesifikaya əsaslanan əqli mülkiyyətin yaradılmasına dəstək olunmalıdır. Ali təhsil sistemi üçün tədris resurslarının hazırlanmasına büdcə vəsaiti ayrılmalı, ali təhsilin bütün səviyyələri üçün tədris standartları yenidən nəzərdən keçirilməlidir. Pedaqoji internaturaların və istehsalat təcrübə bazalarının yaradılması və müvafiq təcrübənin təşkili barədə yeni əsasnamələr hazırlanıb təsdiq olunmalıdır. Eyni zamanda ali təhsil pilləsi ilə digər təhsil pillələri arasında ardıcıllığın, varisliyin, koordinasiyanın yaradılması məqsədilə kompleks tədbirlərin icrası mütləqdir. Ölkənin ali təhsil sisteminə daxil olan dövlət universitetlərində əməyin ödənilməsi mexanizminə yenidən baxılmalıdır. Adambaşına maliyyələşməyə keçid dövrünün təcrübəsi, qüsurları, təhsilə vurduğu zərər, ali təhsildən beyin axını, eləcə də üstün cəhətlər nəzərə alınmaqla dövlət universitetlərinin büdcədən maliyyələşməyə dönüş imkanları da müzakirə edilməlidir. Daha bir vacib məsələ, ölkə gənclərinin müxtəlif səbəblərdən, ən əsası, ali təhsil bəhanəsi ilə xaricə axınına şərait yaradan səbəbləri araşdırmaq, bunun qarşısını almaq üçün universitetlərimizin maddi-texniki bazasını, əcnəbi mütəxəssislər də dəvət olunmaqla, kadr potensialını gücləndirməliyik. Eləcə də ali məktəblərin kitabxana, məlumat-informasiya bazaları modernləşdirməli, ixtisaslar üzrə açıq elektron platformalara çıxışı təmin edilməlidir. Bütövlükdə ali təhsilin transformasiyası, yeni məzmun və strukturun yaradılmasından irəli gələn vəzifələr nəzərdən keçirilməlidir. Universitetlərə rəhbərlərin təyin olunması mexanizminin dünyada təsdiq olunmuş müasir yanaşmalar və təcrübələrə uyğun işlənilməsi olduqca mühümdür”. //siam.az