Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

“Qara qızıl” bir ölkəni o vaxt ağ günə çıxarır ki... - Ən çox neft çıxaranlar, ən çox satanlar


Kanal14.az: - Dünyadakı 200 civarında olan dövlətin dörddə birinin, yəni 50-nin nefti var (bəzilərində yataqlar yeni aşkar edilib, hasilata başlanmayıb).
Neft hasil edən ölkələrin ilk onluğu belədir: ABŞ, Səudiyyə Ərəbistanı, Rusiya, Kanada, İraq, Çin, BƏƏ, İran, Braziliya, Küveyt.

Neft ixrac ölkələrin ilk onluğu isə bu cürdür: Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Kanada, BƏƏ, Küveyt, İran, Venesuela, Nigeriya, Anqola.
Fərqi gördünüzmü? Ən çox neft hasil edən ölkələrlə ən çox neft edən ölkələrin ilk onluğu tam üst-üstə düşmür, fərqlər var.

Birinci fərq odur ki, ABŞ dünyada ən çox neft hasil edən ölkə olsa da, ən çox neft ixrac edən ölkələrin ilk onluğuna daxil deyil.

Çin də elədir. Bu ölkə də zəngin neft yataqlarına sahibdir, ancaq daha çox neft hasil edənlərin ilk onluğunda yer alsa da, adı daha çox neft idxal edən ölkələrin sırasında çəkilir. Çünki Çinin nefti öz ehtiyacının yarısını ödəyir. Ancaq güman ki, ABŞ kimi, Çin də öz neft yataqlarını amansızcasına istismar etmir, resursunu gələcəyə, "dar gün”ə saxlayır.

Braziliya isə öz neftini hələ 2025-də dünya bazarına çıxaracaq.

Əvəzində Venesuela, Nigeriya və Anqola kimi ölkələr öz karbohidrogen ehtiyatlarını, necə deyərlər, satıb sovurlar.

Qəribədir ki, neft ixracı sayəsində dünyanın ən firavan ölkələrindən birinə çevrilən Qətər, Bruney, BƏƏ kimi ölkələr qədər çox neft hasil və ixrac edən Venesuela və Nigeriya ən kasıb ölkələrin sırasında yer alırlar.

Bunun bir çox səbəbləri var. Başlıcası odur ki, neft ixrac edən kiçik ölkələr əldə etdiklər böyük vəsaiti daha səmərəli istifadə edir və bu, adambaşına düşən ümumi daxili məhsulun həcmində özünü göstərir. Böyük ölkələrin neftdən gələn milyardları isə nə ölkənin, nə də çoxmilyonlu xalqın ümdə ehtiyaclarını ödəmir, problemlərini həll etmir.

Venesuelanın 29, Nigeriyanın 223,5 milyon əhalisi var. Hər iki ölkə əhalinin dolanışığı baxımından böyük problemlər içindədir.

Venesuela ərzaq qıtlığına, hiperinflyasiyaya məruz qalan ölkə durumuna düşüb. Bu səbəbdən tez-tez ölkədə küçə iğtişaşları vaş verir. Ölkənin neft gəlirləri bütün ixracın təxminən 95%-ni təşkil edir. Venesuelada tüğyan edən korrupsiya neftdən gələn gəlirlərin səmərəliliyini puça çıxarır.

Nigeriya da hər gün neftdən milyonlar qazansa da və dövlət büdcəsinin həcmi 1.3 trilyon dollara çatsa da, əhalisinin am əksəriyyəti kasıblıq həddində yaşayır. ÜDM-nə görə dünyanın 27-ci ölkəsi olan Nigeriya güzərana görə 152-ci ölkədir. Səbəb yenə də eynidir: korrupsiya, başqa istehsal sahələrinin çox olmaması, kütləvi işsizlik, daxili çaxnaşmalar və s.

Neft hasilatına görə dünyanın 12-ci ölkəsi olan Norveçin 5,5 milyonluq əhalisi isə Yer üzünün ən firavan yaşayan 5 xalqından biridir. Çünki Norveçdə qeyri-neft sektoru (məsələn, balıqçılıq, aqrar sektor, ağır və yüngül sənaye) da yaxşı inkişaf edib, neftdən gələn gəlirlər səmərəli istifadə olunur. Korrupsiya əmsalına görə bu ölkə dünyanın yerdə qalan ölkələrinə nümunə olacaq durumdadır.

Başqa sözlə, böyük karbohidrogen ehtiyatlarına malik olmaq, onları yerin təkindən hasil edib dünya ölkələrinə satmaq hələ firavan ölkəyə çevrilməyin əsası deyil. "Qara qızıl”ın qara-qara dərdi var.

Meksika neft hasilatına görə, 11-ci yeri tutur, milyardlar qazanır, amma öz əhalisi dolanışıq üçün ABŞ-a axışır.

Əlcəzair də neftdən milyardlar qazanan ölkələrin sırasındadır, amma xalq bu milyardların xeyrini öz güzəranında hiss etmir.

Ekvador neft ölkəsi (həm də dünya üzrə 1 nömrəli banan ixracatçısı) olsa da, Mərkəzi və Cənubi Amerikanın iki ən kasıb ölkəsindən biridir.


Kolumbiya dünyada narkotik istehsal edən ən böyük ölkə olaraq tanınır, amma neft hasilatına görə, dünyada 20-cidir, əhalisi isə yüksək rifaha malik deyil. İşsizlik və kasıblıq tüğyan edir. Yüz minlərlə adamın narkotik maddələr istehsalına və alverinə girişməsinin əsas səbəbi də budur.

Azərbaycan neft hasilarına görə dünyada 23-cü yeri tutur və əhalinin yaşayış səviyyəsi üzrə dünya reytinqində kasıb ölkə sayılmır, ancaq ölkəmiz heç də dolanışıq problemlərindən xali deyil.

Uzun sözün kəsəsi, bir ölkənin firavan yaşaması üçün təbii resursların rolu nə qədər önəmli olsa da, həlledici deyil. Əsas məsələ həmin resurslardan nə dərəcədə səmərəli istifa edilməsidir.

Əgər neft-qaz sektoru ilə yanaşı, digər istehsal sahələri də inkişaf etdirilməsə, bu, ölkə iqtisadiyyatının durumu, obrazlı desək, təkqanadlı quşun durumuna bənzəyəcək. Təkqanadlı quş uça bilərmi? Bəlkə də yer dəyişə bilər, amma uzaqlara uça, yüksəklərdə süzə bilməz.

Təəssüf ki, ölkəmizdə sürətlə inkişaf edən xidmət, ticarət və iaşə sektorları ilə yanaşı, eyni cür tərəqqidə olan istehsal müəssisələri yoxdur. Biz adətən, yeni-yeni ticarət mərkəzlərinin, bazarların, şadlıq saraylarının, avtomobil və gözəllik salonlarının, fitnes mərkəzlərinin, butiklərin və sair bu kimi obyektlərin açıldığı barədə xəbərlər eşidirik. Adi iynədən, pampersdən tutmuş ta helikopterə, qırıcı təyyarəyə qədər 1001 adda avadanlığı,məmulatı, bir çox zəruri gündəlik tələbat mallarını isə xaricdən alırıq.

Biz boyda olan, amma istehsal xüsusunda inkişaf etmiş ölkələrin yarısı, hətta yarısının yarısı qədər müxtəlif profilli istehsal müəssisələrimiz olsa, aqrar sektoru İsrail və Hollandiyanın 50 faizi qədər inkişaf etdirə bilsək, həm ölkəmiz qüdrətliənər, həm də əhalinin güzəranı qat-qat yaxşı olar.
Neft çıxaran Trinidad və Tobaqo, Yəmən, Sudan kimi ölkələrin də halına diqqət etmək lazımdır, Yaponiya, Cənubi Koreya, Lüksemburq kimi nefti-qazı olmayan ölkələrin də.//siam.az