Gündəm / Cəmiyyət

"Pilot Residence" ötən il pilləkəni olmayan binanın liftini də bağlayıbmış - Qurumlar hara baxır?


Xəbər verdiyimiz kimi, "Pilot Residence" MTK-ya məxsus Səbail rayonu, Rostoropoviç küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində pilləkən bağlanaraq, yerində obyekt tikilib. Burada yaşayan sakinlərin yeganə ümid yeri lifdir. Lift işləməsə, mənzillərə qalxmaq-düşmək mümkün olmayacaq. Bu barədə ATV kanalı sujet hazırlayıb.

Bu problemlə bağlı ötən ilin avqust ayında "Xəzər Xəbər"də sujet yayımlamışdı.

"Kanal14.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, ötən il sözügedən binada yaşayan sakinlərin həm lift, həm də pilləkən vasitəsi ilə evlərinə giriş-çıxış məhdudlaşdırılmışdı. Sakinlərin haqlı narazılığından sonra sözügedən məsələnin birtərəfli həll edildiyi məlum olub. Həmin binada sakinlər ötən il qonşu binanın blokundan keçməklə mənzillərinə daxil ola bilirmiş.

Sujetdə qeyd edilir ki, yaşayış binasının blokunun qarşında obyekt tikilib. Lift və pilləkənlər həmin obyektin içərisində qalıb. Bloka giriş hörülərək bağlanıb, sakinlərin liftdən istifadəsi məhdudlaşdırılıb.



Ötən ilki sujetdə olduğu kimi, dünənki sujetdə də "Pilot Residence" MTK-nın eyni nümayəndəsi sakinlərin haqlı narazılığını əsassız sayıb. Deyib ki, əvvəldən müvafiq qurumlar tərəfindən sakinlərə verilən sənəddə binanın girişi nəzərdə tutulmayıb. Ötən ilki sujetdən fərqli olaraq, hazırda binanın həyətində obyekt tikintisi başa çatdırılıb.

Məsələ ilə bağlı cavabdeh qurumlar olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyindən bu dəfə bayram günləri olduğundan məsələni araşdıra bilməyəcəklərini, bayramdan sonra araşdırıb ictimaiyyətə məlumat veriləcəyi deyilib.

Görünən odur ki, "Pilot Residence" MTK-nın qanunsuz tikililərinə ya müvafiq qurumlar göz yumur, ya da ki, problemi həll etmək iqtidarında deyillər.