Gündəm / Cəmiyyət

Velosiped zolağına daxil olan sürücüləri hansı cəza gözləyir? - AÇIQLAMA

Velosiped zolağına daxil olan sürücüləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bakı şəhərində velosiped zolaqlarının salınmasına başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

Velosiped zolaqlarının paytaxtın əsas küçələrində çəkilməsi vətəndaşlar arasında yollarda tıxacların artacağına dair fikirlər formalaşdırıb. 

Məsələ ilə bağlı "Kanal14.az”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, velosiped zolaqlarının çəkilməsi ilə bağlı layihələrin icrası şəhər mobilliyinin göstəricisidir:

"Yolda hər bir hərəkət iştirakçısı üçün şərait yaradılması şəhər mobilliyi üçün vacib elementlərdən biridir. Bizim bugünkü əsas hədəfimiz piyadalarla bağlıdır. Səkilərin zəbt olunmasının qarşısını almaq və zəbt olunan səkiləri piyadaların ixtiyarına qaytarmaq əsas vəzifələrdən biridir. Təəssüflər olsun ki, bəzi səkiləri elə zəbt ediblər və elə obyektlər tikiblər ki, onları bərpa etmək çox vaxt aparacaq. Mövcud yol şəbəkəsi üzərində avtobus və velosiped zolaqlarının salınması nisbətən asan iş olduğuna görə, hələ ki, üstünlüyü bunlara veriblər. Bu, böyük vaxt və maliyyə tələb etmir. Ona görə də, ilkin mərhələdə bu işlər görülür. Gələcəkdə isə bizi daha ağır işlər gözləyir”.

Ekspert vətəndaşlarımızın avtomobillərdən imtina edərək ictimai nəqliyyatdan, velosipeddən və yaxud digər nəqliyyat vasitələrindən istifadə etmələrinin nə dərəcədə real göründüyündən də danışıb:

"Etiraf etmək lazımdır ki, vətəndaşlarımız maşına daha maraqlıdır. Bu o demək deyil ki, biz hər zaman bu tendensiyada yaşamalıyıq. Bir çox ölkələr də bu prosesi keçiblər. Onlar da vaxtı ilə avtomobilləşməyə üstünlük veriblər. Sonradan görüblər ki, başqa problemlər ortaya çıxır, onda digər yollara əl atıblar və nəticə də əldə edə biliblər. Yəni, bizim hazırda nümunə kimi baxdığımız ölkələr bu problemləri yaşayıblar. Yaxşı nümunələri də biz götürüb tətbiq etməliyik. 

Avtomobilləşmə olsun, problem deyil. Əsas məsələ ondan ibarətdir ki, avtomobil necə idarə olunur. Maşını həyat tərzinə çevirmək, gecə-gündüz, hər yerə avtomobillə getmək kimi yanaşmalar dəyişə bilər. Vaxt gələcək, görəcəksiniz ki, bəzi insanlar avtomobili kənara qoyur və işə ictimai nəqliyyatla gedib-gəlir. Həmin o 1 adama da digər 5 adam baxıb həmin hərəkəti davam etdirəcək. Bunu müsbət addım kimi qiymətləndirə bilərik. Özümüz seçim etməli olacağıq ki, avtomobillə gedib saatlarla tıxacda qalmaq yaxşıdır, yoxsa, ictimai nəqliyyatla tez bir zamanda mənzil başına çatmaq? 

Lakin, sual olunmalıdır ki, bu gün həmin o səviyyədə ictimai nəqliyyat varmı? Bu suala ürəkdən "hə” deyə bilmirik. İctimai nəqliyyat hazırda o qədər də əlçatan deyil. Bakıdakı sürücülərin cəmi 10 faizi avtomobili kənara qoyub, ictimai nəqliyyata axışsa, ictimai nəqliyyat çökəcək”.

Elməddin Muradlı bildirib ki, velosiped zolaqlarının çəkilməsi tıxaclara da təsir edəcək:

"Velosiped zolağı yolda ən azı 2 metr yer tutur. Bu isə o deməkdir ki, bütöv bir zolaqda avtomobillərin hərəkəti olmayacaq. Belə olan halda həmin yollarda avtomobillərin sıxlığı artacaq, amma bunun başqa bir variantı da yoxdur.

Məsələn, İstiqlaliyyət küçəsi hərəkətin çox intensiv olduğu bir küçədir. Bilmirəm, belə bir mərkəz küçədə velosiped zolağını yaratmaq nə dərəcədə doğru idi. Mən də müşahidə edirəm ki, görək bunun nəticəsi necə olacaq. Hər halda, görünür, nəyisə razılaşdırıblar və tətbiq ediblər”.

Ekspert velosiped zolağına daxil olan avtomobilləri hansı cəzanın gözlədiyini də açıqlayıb:

"Əslində, bununla bağlı qanunvericilikdə boşluq var. Hesab edirəm ki, bu məsələyə də baxılmalıdır. Biz bilirik ki, avtobus zolaqları ilə bağlı məsələ qanunvericilikdə öz əksini tapıb. Velosiped zolağına daxil olmağa görə vətəndaşa cərimə yazılması ilə bağlı maddə yoxdur.

Hər bir halda, velosiped zolağına daxil olmağa görə yox, bütöv xəttin tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq oluna bilər”, - deyə o qeyd edib.