Gündəm / Cəmiyyət / Səhiyyə

Poliklinikalarda “xəstə ovu” - NƏ ETMƏLİ?

Poliklinikalarda

Kanal14.az: - "Bu gün bizim məqsədimiz dövlət xəstəxanalarında həkimlərin 1000 manatdan az maaş almamasıdır. Sabit əlavə və bonuslarla birlikdə terapevtlər orta hesabla 1600 manata yaxın maaş alırlar.” Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, cərrah və oftalmoloqlarda bu məbləğ daha çoxdur: "Bu məbləğ digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkimə bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alırlar. Bu da onların icra etdikləri bahalı əməliyyatların qiymətlərinə görə dəyişir”. Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş alması ilə bağlı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu, bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər: "Çox az sayda cərrah var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, Vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilir”.

Həkim-terapevt Şahvələd Məmmədov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, işlədiyi müəssisədən, xəstə qəbulu, keçirdiyi cərrahiyyə əməliyyatı sayından asılı olaraq həkimlər müxtəlif məbləğlərdə əməkhaqqı alır:

- Demək olmaz ki, bütün həkimlər eyni dərəcədə yüksək əməkhaqqı alır. Bu, tibb müəssisəsinə, fəaliyyət göstəricilərinə görə dəyişir. Kim istəməz ki yüksək əməkhaqqı almasın? İcbari Tibbi Sığortanın üstünlüyü bu olmalıdır. İcbari tibb sığorta təkcə pasiyentlər üçün, vətəndaş üçün nəzərdə tutulmur. Dünyanın əksər ölkələrində icbari tibbi sığorta tətbiq edilir, həkimlər də normal səviyyədə əməkhaqqı alırlar. Bu xərcləri dövlət qarşılayır. Hətta elə ölkələr var ki, orada həkimlər özəl tibb müəssisəsində çalışmaqdansa, dövlət nəzarətində olan müəssisədə işləməyə üstünlük verir, çünki belədə daha rahat iş qrafiki və daha yüksək əməkhaqqı almaq imkanları olur. İcbari tibbi sığortada fiksasiya olunmuş maaş sistemi tətbiq edilməlidir, həkimlərin akkreditasiya dərəcəsindən asılı olaraq. Qardaş Türkiyədə, Almaniyada, Böyük Britaniyada bu sistem tətbiq edilir. Bizdə də bu sistemə keçilməlidir ki, həkim nə qədər əməkhaqqı alacağını bilsin. İdarə Heyəti sədrinin dediyi kimi, bonuslar yazılır həkimlərə, aylıq sabit əlavələr var. Sabit əməkhaqqı cədvəli olmalıdır, hansı xidmətin nə qədər bonus qazandırdığı, əməkhaqqına hansı halda əlavələr ediləcəyi bilinməlidir ki, həkim də fəaliyyətini buna uyğun tərtib etsin. İndi poliklinikalarda "xəstə ovu” gedir. Vətəndaş adi bir məsələni soruşmaq, məlumat almaq istəyir, həkim "get adıma çek gətir”, deyib müraciət etmək istəyən adamı qeydiyyat şöbəsinə göndərir. Amma sonra məlum olur ki, bu pasiyentə o həkim baxası deyil, heç onun sahəsi də deyil. Həkimləri bu cür "xəstə sayı” ilə yormaq, onları "tamahkar” kimi qələmə vermək olmaz. Elə bir sistem olmalıdır ki, həkim nüfuzu qorunsun. Pasiyentin müayinəsinə görə həkimin əməkhaqqına normal səviyyədə əlavələr edilməlidir ki, həkim də xəstə "ardınca” qaçmasın.