"Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollar satılıb. Mərkəzin Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda 279,9 milyon dollarlıq sifariş yaranıb".

"Kanal14.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır:

"Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür".

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə, deputat qeyd edib ki, Azərbaycanda üzən məzənnə rejiminə keçirilməyib: "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".