Gündəm / Siyasət / Cəmiyyət

"Azərbaycan hazır olmalıdır" - Sabiq nazir Ermənistanın silahlandırılmasından danışdı


Kanal14.az: - Ötən gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Ermənistanın digər dünya dövlətləri tərəfindən silahlandırılması məsələsindən danışıb.

Dövlət başçısı bildirib ki, Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər.

Prezident İlham Əliyev xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari olub, Azərbaycan Ordusunda isə bir dənə də fərari olmayıb:

"Beləliklə, onların şansı yoxdur. Bir sözlə, mənim onlara mesajım ondan ibarətdir ki, qoy burada, regionda elə vəziyyət yaratmasınlar ki, bizə hər hansı ziyan vurmağın planlaşdırılmamasından əmin olaq! Hələ ki, biz əmin deyilik. Bu səbəbdən, biz reaksiya vermirik. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik.

Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq və mən bu haqda hər kəsi məlumatlandırmışam ki, sonradan şikayət olmasın. Biz cavab verməli olacağıq, çünki hər ölkə öz xalqını müdafiə etməlidir və ümid edirəm ki, bu cür cavaba ehtiyac qalmayacaq. Lakin bunun üçün yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistanın yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir", - deyə ölkə lideri qeyd edib.

Məsələ ilə bağlı "Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, silahlanma dövlət siyasətinin görünən bir hissəsidir:

"Bu onu sübut edir ki, əslində, Ermənistan sülh gündəmini yox, kompromisiyanı öz siyasətində saxlamağa çalışır. Buna aid addımlar atılır. Hətta, onların havadarları açıq şəkildə bəyanat verirlər ki. Ermənistanı silahlandırmağa davam edəcəklər. Buna misal olaraq, Fransanın və digər ölkələrin adlarını çəkmək olar.

Bu da onu göstərir ki, Ermənistan siyasi elitası bu dəstəyə ümid bəsləməklə öz köhnə siyasətini davam etdirmək yolunu seçib".

Sabiq nazir qeyd edib ki, bununla da Azərbaycan üçün bir çox şeylər bəlli olur:

"Biz bu şəraitdə təbii ki, danışıqlara və sülh görkəmli hansısa qonşuların bəyanatlarına fərqli şəkildə yanaşmalıyıq.

Artıq Ermənistanda bəzi siyasi elitanın üzvləri çəkinmədən revanşdan danışırlar. Təbii ki, onlar bu revanşı ənənəvi olaraq güc tətbiq etməklə həyata keçirməyi nəzərdə tuturlar. Azərbaycan hər bir halda hazır olmalıdır. Həm siyasi, həm də hərbi cəhətdən hazır olmalıyıq.

Ermənistan hər zaman olduğu kimi yenə də hərbi təxribatlara əl ata bilər", - deyə o bildirib.