Gündəm / Siyasət / Dünya

İran ABŞ-dən 50 mlrd dollar təzminat tələb edir

İran ABŞ-dən 50 mlrd dollar təzminat tələb edir

Tehran məhkəməsi 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ administrasiyasına, Amerika qurumlarına və bızi rəsmi şəxslərinə təxminən 50 milyard dollar təzminat ödəməyə məhkum edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Bildirilir ki, Tehran Beynəlxalq Əlaqələr Mülki Məhkəməsi 3 min 318 şikayətçinin tələbi ilə açılan işdə ABŞ hökumətinin qurumları və bu ölkənin özəl və hüquqi şəxslərinə maddi, mənəvi və cəza təzminatının ödənilməsinə qərar verib.

Qərara əsasən, ABŞ hökumətindən əlavə, sui-qəsdin sifarişçisi olan o vaxtkı ABŞ prezidenti Donald Tramp və keçmiş dövlət katibi Mayk Pompeo da daxil olmaqla 42 fiziki və hüquqi şəxs, o zamankı ABŞ-ın yüksək rütbəli rəsmiləri və təşkilata bağlı qurumlar 49 milyard 770 milyon dollar təzminatla cəzalandırılıb.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə ABŞ Bağdad Hava Limanında Qüds Qüvvələrinin komandanı Süleymani və Həşdi Şaabi sədr müavini Əbu Mehdi əl-Mühəndisin karvanına MQ-9 adlı PUA ilə hava hücumu həyata keçirib. Hücumda həm komandirlər, həm də İraq və İran hərbi rəsmiləri də daxil olmaqla ümumilikdə 10 nəfər həyatını itirib.

ABŞ-nin o zamankı prezidenti Donald Tramp ABŞ-ı təhdid etdiyini əsas gətirərək Süleymaninin öldürülməsi əmrini verdiyini açıqlamışdı.

İran məhkəməsi sentyabrın 27-də Tramp da daxil olmaqla 73 amerikalıya qarşı "Qasım Süleymani və ətrafına qarşı terror aktları törətmək, terrorizmi təşviq etmək və fundamental insan haqlarını pozmaq” kimi ittihamlarla iddianamə hazırlandığını açıqlayıb.