Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Mikrosahibkarlara makro "od qoymaq"... Orta sahibkarlıq da sıradan çıxır

Mikrosahibkarlara makro

Mikrosahibkarların gəlir vergisinə tətbiq olunan güzəşt ləğv olunur. Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib. Sadə dildə yazsaq, fərdi sahibkarın ən azı üç muzdlu işçisi olmalıdır. Əks halda, mikrosahibkar üçün tətbiq olunan 5 faizlik vergi şkalası qüvvəsini itirir. Bundan sonra fərdi sahibkar 20 faizlik vergi ilə üz-üzə qalır.

"Kanal14.az" Bizimyol.info-ya istinadən xəbər verir ki, məcəlləyə dəyişiklik təklifi sosial mediada böyük müzakirəyə səbəb olub. Kiçik bizneslə məşğul olanlar bunun sahibkarlığa böyük zərbə vuracağını bildirirlər. Hesab edirlər ki, 20 faizlik vergi tətbiqi heç bir halda məntiqli addım sayılmır. "HR Hunter”in təsisçisi İlkin Mirzəzadə çox yanlış addım atıldığını düşünür: "Olmaz axı belə. Dünyada mikro, kiçik sahibkarlar iqtisadiyyatın əsas dayağıdır. Son 3-4 ildir ki, xeyli canlanma var idi. İndi söndürürlər. Sahibkar bir qarın çörəyə işləsin?”

Dəyişiklik bir sıra ziddiyyətli məqamları da özü ilə gətirir. Birincisi, Nazirlər Kabinetinin 556 saylı qərarına baxsaq, bir nəfərlik sahibkarlıq subyektinin də mikrosahibkar statusu daşıması qənaətinə gələ bilərik. Amma indi Dövlət Vergi Xidməti deyir ki, obyektin azı üç muzdlu işçisi olmalıdır. Məsələn, iki işçisi olan sahibkarlıq subyektinin belə hüququ tanımır. İkincisi, kiçik sahibkar heç bir halda bu yükün öhdəsindən gələ bilməz. Nəzərə alaq ki, sosial ödənişlər də var. Deməli, sahibkar az qala 30 faiz vergi ödəyəcək. Hökumətin addımına heç cür haqq qazandırmaq olmur. Kiçik sahibkar kimdir? Azərbaycanda əksəriyyət ailənin məşğulluğunu, dolanışığını təmin etmək üçün belə yol seçir. Lakin vergi yükünün bu cür kəskin artırılması mikrosahibkarlığa makro səviyyədə "od qoyur". Elə orta sahibkarlıq da sıradan çıxır. Niyə hökumət güzəşti ləğv etmək qərarına gəlib?

İqtisadçı Rövşən Ağsyev düşünür ki, sahibkarların bir neçə işçinin adına VÖEN açdırmaqla güzəştdən lazımınca istifadə etmək cəhdinin qarşısını alınır: "Ortada beli qırılan elə mikrosahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi (1 nəfərlik) iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssisləri, tərcüməçilər,
dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtəlif sahə ekspertləri. Yekə-yekə dövriyyəsi olan suyektlər yenə də yol tapıb dövriyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə faizlik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20 faizlik vergi yükü altına əziləcəklər”.

Bəs çıxış yolu nədir? Rövşən Ağayev hesab edir ki, konkret aylıq, illik dövriyyələr müəyyənləşdirməklə güzəştləri saxlamaq olar. İqtisadçı haqlıdır, güzəşti ləğv etmək yox, vergidən alternativ yollarla yayınmağa qarşı addımlar müzakirə mövzusu olmalıdır. Yoxsa bu halda baş verənlər kiçik sahibkarlığa ölüm hökmünün kəsilməsi deməkdir.