Gündəm / Cəmiyyət / Sosial

Yuxu keyfiyyətini yaxşılaşdırmağın yolu nədir?

Yuxu keyfiyyətini yaxşılaşdırmağın yolu nədir?

Danimarka Texniki Universitetinin alimləri müəyyən ediblər ki, təmiz havalandırılan otaqda yuxunun keyfiyyəti yaxşılaşır.

"Kanal14.az" xəbər verir ki, araşdırmanın nəticələri "Science Direct"də dərc edilib.

Tədqiqatda yuxu pozğunluğu olmayan 27-64 yaş arası 35 nəfər iştirak edib. İştirakçılar dörd həftəni havalandırma sistemi olan xüsusi otaqlarda keçirməli olublar. İlk həftə ərzində subyektlər yeni yaşayış yerinə öyrəşiblər. Növbəti üç həftə ərzində tədqiqatçılar gecə yuxusu zamanı iştirakçıların otaqlarında hava sirkulyasiyasının intensivliyini dəyişiblər.

Elm adamları ventilyasiya intensivliyinin daxili CO2 (karbon dioksid) konsentrasiyalarına əhəmiyyətli dərəcədə təsir etdiyini aşkar ediblər. Xüsusilə, zəif hava dövranı olan otaqlarda CO2 səviyyələri əhəmiyyətli dərəcədə yüksək idi. Eyni zamanda otaqlarda yaxşı havalandırma ilə CO2 konsentrasiyası azalıb.

Tədqiqatda yuxu keyfiyyəti istirahətin ümumi müddəti, yuxu mərhələlərinin müddəti (qeyri-REM və REM) və gecə oyanışlarının sayı kimi obyektiv ölçülərdən istifadə etməklə qiymətləndirilib. Məlum oldu ki, havalandırma intensivliyinin artması ilə əlaqədar otaqda karbon qazının konsentrasiyasının azalması oyanmaların sayının azalmasına, yuxunun dərinliyinin artmasına və həssaslığının azalmasına səbəb olub.

Alimlər gecələr zəif yatan insanlara pəncərələri açmağı və ya mexaniki havalandırma sistemlərindən istifadə etməyi tövsiyə ediblər. Bu, havanın keyfiyyətini və yuxunu yaxşılaşdırmağa kömək edəcəkdir.