Gündəm / Cəmiyyət

“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ


Kanal14.az: - Son iki il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır. Demək olar ki, hər gün narkotiklə əlaqədar onlarla şəxs saxlanılır. Lakin bəzi hallarda külli miqdarda narkotik maddə yaxalanan şəxsin məhkəmədən əlini-qolunu sallayaraq çıxdığının şahidi oluruq. Bu isə, ölkədəki "narkotik böhranı”na son qoymağı müşkülə çevirir, nəticədə vəziyyət günbəgün daha da dərinləşir. Bəs, mövcud hüquqi boşluğu necə "doldurmaq” olar və problemin həlli istiqamətində hansı addımlar atılmalıdır? Bu və digər suallara tanınmış hüquqşünas Namizəd Səfərovla müsahibəmizdə aydınlıq tapmağa çalışdıq:

- Doğrudan da, bu günki günümüz üçün narkotiklərlə mübarizə olduqca ağır məsələdir. Şəxsən mən elə hesab etmirəm ki, bizim ölkədə həqiqətən də narkotiklərlə mübarizə aparılır. Narkotiklərlə mübarizə haqqında dövlət proqramı qəbul edilməsinə baxmayaraq, mən qətiyyən hesab etmirəm ki, bizim ölkədə sözün həqiqi mənasında dövlət siyasəti olaraq narkotiklə mübarizə aparılır. Mən başa düşürəm ki, bütün dünyada, Avropada öhdəliklər var. Ölkələr öz üzərinə narkotiklə mübarizə haqqında öhdəliklər götürürlər, lakin Azərbaycanda üzərlərinə götürülən öhdəliyin yerinə yetirilməsi istiqamətində atılan addımları "gözə kül üfürmək” kimi qiymətləndirirəm. Azərbaycanda narkotiklə mübarizə aparılmır. Əslində, narkotiklə mübarizə, narkotik dövriyyəsi ilə məşğul olmalı olanlar qalıb bir kənarda, digər şəxslərə qarşı narkotik ittihamı verilir.

Digər tərəfdən, bizim ölkədə narkotik bir bəla kimi mövcuddur. Əhalinin böyük bir hissəsi narkotik çəkir. Narkotik bir bəla olaraq Azərbaycanın üzərindən asılıb. Lakin bu problemlə mübarizə aparılmır. Əsas narkotik alverçiləri, narkotiki yayanlar, narkobaronlar, ölkədə narkotik dövriyyəsini həyata keçirənlərin hamısı azadlıqdadır, onları tutan yoxdur. Təsadüfən tutulanlar da rüşvət müqabilində buraxılırlar.

- Son vaxtlar barələrində həbs qərarı çıxarılmış əcnəbi narkotacirlərin, konkret olaraq 200 nəfər İran vətəndaşının Penitensiar Xidmətin məhkəməyə müraciəti əsasında ekstradisiya olunduğunun şahidi olduq. İranın ölkəmizə qarşı "narkotik savaşı” apardığı indiki dönəmdə iranlı narkotik alverçilərinin bu ölkəyə təhvil verilməsi nə dərəcədə doğru qərardır?

- Sizinlə o məsələdə razıyam ki, İrandan, Əfqanıstandan Azərbaycana narkotik ötürülür. Yəni mən hesab edirəm ki, bizim sərhədlərimizin üzərindən, quş uçmağa belə imkanı olmayan sərhəd nəzarətindən narkotiklər keçə bilməz. Yadınıza gəlirsə, bir neçə il əvvəl guya İrandan gəlib Gürcüstana keçən böyük bir narkotik maddə partiyası Gürcüstanda həbs olunmuşdu. Məlum oldu ki, Azərbaycanın iki sərhədindən çox sərbəst şəkildə böyük narkotik partiyası keçmişdi. Heç soruşan olmadı ki, bu hansı formada keçib, bunu kimlər buraxıb?! Qram-qram narkotik tapılanları tutub basırlar, amma buna bir şey deyən olmur. Məsələn, raport verilir ki, qanunsuz narkotik dövriyyəsinə görə 1500 nəfər həbs edilib. Dünyanın heç bir ölkəsində belə göstərici yoxdur. 10 milyonluq əhaliyə görə bu böyük göstəricidir. İlk baxışdan belə görünür ki, guya bizim dövlət narkotiklərin qanunsuz dövriyyəsinə qarşı gözəl mübarizə aparır. Lakin həmin 1500 nəfər ki var, onlar 5 qram-6 qram narkotiklə tutulanlardır. Şəxsi istifadə üçün icazə həddi var, 0,005 qram heroinlə tutulanda bu cinayət məsuliyyəti yaratmır, bu 1500 şəxsin hər birinə 5-6 qram ittihamı veriblər. Demək, belə çıxır ki, bizim ölkədə yalnız cibində 6 qram narkotik maddə tapılan şəxslər narkotik cinayətkarlarıdır. Maraqlıdır, bu tutulanların hamısında elə yarım qram, 1 qram aşkar olunur? Bunu bir yerə toplayanda bir kiloqram olur. Hansı ki, tonlarla narkotik dövriyyəsi var ki, heç kim buna qarşı mübarizə aparmır?

- İranlı narkotacirlərin ekstradisiyası haqda sualımız cavabsız qaldı. Bundan başqa, bir neçə gün əvvəl yenə də Penitensiar Xidmətin məhkəməyə müraciəti əsasında Azərbaycan vətəndaşı olan 20 nəfərdən çox narkotik ticarətçisi azadlığa qovuşdu. Yenə o mövzunun üzərinə qayıdırıq: DİN, DSX narkotik alverçilərini tutur, məhkəmə Penitensiar Xidmətin təqdimatı əsasında 2-3 il sonra onları açıb buraxır. Sizcə, onlar həqiqətən də islah olunurlar, yoxsa burada başqa mətləblər var?

- Şəxsən mənim əlimdə belə bir məlumat yoxdur. Əgər DİN, yaxud Penitensiar Xidmət bu barədə ictimaiyyətə geniş açıqlama vermiş olsaydı, mən də məlumatlı olardım. Əlbəttə, mən də hesab edirəm ki, narkotik dövriyyəsi ilə məşğul olan və həqiqətən də məhkum olunmuş şəxslərin vaxtından əvvəl buraxılması qanunsuzdur. Bu da bir daha təsdiq edir ki, bizim ölkəmizdəki narkotik dövriyyəsinə qarşı mübarizə adı altında başqa mübarizə gedir. O cümlədən də İran vətəndaşları Azərbaycanda həbs olunublarsa, istər başqa cinayətlərə, istər narkotiklə bağlı cinayətə görə, onlar öz cəzalarının bir hissəsini çəkdikdən sonra buraxıla bilərlər, yaxud İran tərəfindən məsələ qaldırılırsa, ekstradisiya oluna bilərlər. Ekstradisiya olunmaq azadlığa buraxılmaq deyil, onlar əslində cəzalarının çəkilməmiş hissəsini İranda çəkməlidirlər. Yaxud elə də olur ki, narkotiklə məhkum olunmuş Azərbaycan vətəndaşı İranda məhkum olunsun. Onun da Azərbaycana ekstradisiya olunması azadlığa buraxılması deyil.

- Namizəd bəy, Siz də qeyd etdiniz ki, Azərbaycandan Gürcüstan istiqamətində iri narkotik partiyası maneəsiz keçib. Sizə elə gəlmir ki, o narkotik yükünü gətirmək "qüdrətinə” malik olan məmurların iranlı narkotacirlərlə birgə Azərbaycan dövlətinə xəyanəti baş verir?

-Bəli, çox düz deyirsiniz. Dediyim kimi, əgər bizim daxili işlər orqanları, narkotik dövriyyəsinə qarşı mübarizə aparan idarələrimiz həqiqətən də bu mübarizəni düzgün aparırlarsa, necə olur bir qram, yaxud icazəli qədərindən artıq narkotik daşıyan şəxsləri dərhal aşkar edirlər, 1500 nəfəri tək-tək tutub türməyə qoya bilirlər, tonlarla, kiloqramlarla, böyük partiyalarla ağır çəkidə narkotikin ölkənin bu başından o biri başına keçməsini aşkar edə bilmirlər? Mən sizə deyim ki, bu günki texnika imkan verir ki, narkobaronların, narkotik ticarəti ilə məşğul olan şəxslərin xaricdə danışıqları çox asanlıqla əldə olunsun. Danışıqlar sərhəd üzərindən gedirsə, bizim DTX-nın, DİN-nin imkanı var ki, bu danışıqları dinləsin. Bu gün İranla bağlı tutulan o vətəndaşlar ki, həqiqətən də İranla birgə qeyri-qanuni narkotik dövriyyəsi həyata keçirirlər, onların əksəriyyəti həmin danışıqlar vasitəsilə tutulur. Onların cinayət işlərinə baxsanız görərsiniz ki, ilk olaraq o danışıqlar tutulur, sonradan da İrandan keçən hansısa maşında 10 qram narkotik maddə tutulur. Bəzən də narkotik maddə daşıyan şəxslər təəccüblənirlər ki, necə oldu, onların gətirdiyi yarım kiloqram heroin və digər narkotikin miqdarını bildilər? Onların hamısının danışıqları xüsusi xidmət orqanları tərəfindən dinlənilir. O cümlədən də iri partiyaların keçirilməsi bu qurumlarla əlaqəsiz heç cür mümkün deyil. Bu orqanlarla əlaqəsiz heç kim cürət edib o boyda narkotik partiyasını ölkə ərazisinə keçirə bilməz. Bilirsiniz də, keçirilən narkotikin dəyəri çox bahadır. 15 kiloqram heroinin qiyməti milyonlarla dollarla ölçülür. Əgər daxildə səni qoruyacaq vəzifəli şəxslər olmasa heç kim cürət edib tutulmaq təhlükəsi qarşısında bu addımı atmaz. Birinci ona görə ki, tutulan ziyana düşür, özünü də qoyurlar həbsə. Yəni o vaxt ölkə ərazisinə narkotik maddə keçirməyə cürət edirlər ki, gətirənləri əmin edirlər ki, onlara heç kim toxunmayacaq, onların arxasında duran var, hətta o narkotik yükünü müşayiət edirlər. Sərhəddən keçəndən düz sərhəddən çıxana, başqa ölkəyə çatana qədər həmin narkotik yükünün daşınmasını müşayiət edirlər.

- Narkotik alverini "iri buynuzlu” məmurlar himayə edirsə, vəziyyətin sonunu necə görürsünüz?

-Bilirsiniz, mən müsahibənin əvvəlində də dedim ki, əgər narkotiklərlə mübarizədə dövlətdə siyasi iradə olmasa, bu boş söhbətdir. Boş deklarasiyalardır ki, biz mübarizə aparırıq. İlk növbədə dövlətin siyasi rəhbərliyi, yaxud nazirlər, daxili işlər naziri, prokurorluq, DTX narkotiklərlə mübarizədə maraqlı olmalıdır. Ən azından bunların bu məsələdə əli olmamalıdır. Biz əmin olmalıyıq ki, həmin şəxslər həqiqətən də narkotiklərə qarşı mübarizə aparılmasını istəyirlər. Əslində, narkomaniya onun geniş yayıldığı istənilən bir dövlətdə faciədir. Bu yaxınlarda televiziyalarda Bakı kəndlərinin birində bir vətəndaş bu barədə danışırdı. Əliylə göstərib deyirdi ki, qonşumuzda, məhəlləmizdə onlarla şəxs var ki, narkotik çəkmək üzündən artıq ölüm ayağındadır. Yəni bu ölkəmizdə bir bəladır. Bu bəlaya qarşı mübarizə aparmaq lazımdır. Çirkli pul əldə etməyin müxtəlif yolları var, hansı ki, bizim yüksək rütbəli məmurlar, nazirlər bunu yaxşı bilirlər. Dövlət əmlakını mənimsəyirlər, vətəndaşların əldə etdikləri əmlakı rüşvət kimi alırlar, heç olmasa narkotiklə ürəkdən mübarizə aparsınlar. Narkotik xalqa qarşı yönələn bir bəladır, genosiddir. Narkotiklə mübarizə aparmayan ölkə, hakimiyyət ölümə məhkumdur. Heç olmasa bu ağır bəlanın qarşısını almaq üçün vicdanları qarşısında hesabat verməlidirlər.

- Statistik məlumatlara əsasən, ölkədə təkrar cinayətkarlıq göstəricisi 60 faizin üzərindədir. Belə bir vəziyyətdə həbsxanaların "islah müəssisəsi” funksiyasını yerinə yetirdiyini düşünmək olar?

- Bu artıq kriminalistik sualdır. Cinayətin yayılması, həbs olunmuş şəxslərin islah olunması böyük elmdir, onun müxtəlif tərəfləri var. Doğrudan da elə bir sual verirsiniz ki, bu gün Azərbaycan türmələrində məhkumların sayı mən biləni hardasa 20 mini aşıb və islah-əmək müəssisələrimiz onları tam yerləşdirmək iqtidarında deyil. Yəni statistika budur ki, onlar dünya standartlarına uyğun olan qaydada saxlanılmır. Bu gün müvəqqəti saxlama yerlərimizdə, məsələn, 1 saylı Bakı İstintaq Təcridxanasında dustaqların saxlanma şəraiti qanunvericiliyin tələblərinə uyğun deyil. On nəfərin saxlanacağı kamerada 20 nəfər, 5 nəfərin saxlanacağı kamerada 10 nəfər saxlanır. Eyni vəziyyət islah-əmək müəssisələrinə də şamildir. Yəni əgər 2 saylı, 3 saylı islah-əmək müəssisəsində yalnız min dustağın saxlanması nəzərdə tutulubsa, orada 1500-dən artıq dustaq saxlanılır. Bu, istər-istəməz onların saxlama şəraitini pisləşdirir. Bu durumda da insanın ləyaqəti alçalır, sağlamlığı qorunmur, insan nə fiziki, nə tibb sağlamlığını qoruya bilmir. Onun islah olunması məsələsi artıq 2-ci dərəcəli bir məsələ olur. Burada daha çox çalışmaq lazımdır ki, bu şəraitdə sağ qalasan. Bu dəqiqə də islah-əmək müəssisələrində vərəm xəstələrinin, onkoloji xəstəliyə tutulanların sayı-hesabı yoxdur. Çox təəssüf ki, bu statistika bəzən cəmiyyətə verilmir və həmin cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlama yerlərində ölənlərin sayı həddən artıq çoxalıb. Çox təəssüf ki, Ədliyyə Nazirliyi bu məsələni Allahın ümidinə, taleyin hökmünə buraxıb.

Mən bu yaxınlarda bir hadisəyə rast gəldim. Xarici vətəndaş Azərbaycanda istintaq təcridxanasında saxlanılır, onu Apellyasiya Məhkəməsinin qərarından sonra islah-əmək müəssisəsinə göndərmişdilər. Ağır xəstə idi, həm də həbs olunandan sonra ağır xəstəliyə tutulmuşdu. Gördüm ki, islah-əmək müəssisəsinin rəhbərliyi onun taleyi, sağlamlığı ilə ümumiyyətlə maraqlanmırdılar. Dedim ki, bəs bu adam ölür, görmürsünüzmü? Dedilər ki, əşi, ölür-ölür də. Yəni dustaqların sağlamlığı cəzaçəkmə müəssisələrinin rəhbərliyini o qədər də maraqlandırmır. İslah-əmək müəssisələri, müvəqqəti saxlama yerləri, təcridxanalar onların rəhbərlikləri üçün qazanc yerinə çevrilib. Heç təsadüfi deyil ki, qeyri-rəsmi məlumata görə, bu sahədə pul dövriyyəsi iki milyard manatı keçir. Əlavə edə bilərəm ki, məhkəmələrmizdə də vəziyyət elə bu gündədir.

- Yeri gəlmişkən, Prezident İlham Əliyev 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzaladı. Həmin tarixdən etibarən müvafiq qurumlar ölkədə bu sahədə uğurlu islahatların aparıldığını iddia etməkdədir? Bu haqda Siz necə düşünürsünüz?

- Mənim üçün bu sahə ən ağrılı sahədir. Bizim məhkəmələrdə aparılan əvvəlki islahatlar və sonrakı dərin islahatlar olduqca mürtəce islahatlardır. "İslahat” adı ilə Azərbaycanda mövcud olan beynəlxalq standartlara uyğun olan az-çox hüquqi normaların ləğv edilməsi, məhkəmələrə müraciətin daha da çətinləşdirilməsi baş verir. Əslində islahat nədir? Vəkillərin sayının artırılması islahatdır. Hakimlərin sayının artırılması islahatdır. Hakimlərin baxdıqları işlərin sayının azalması islahatdır. Məhz bu islahatın nəticəsində əgər cinayətlərin sayı, hakimlərin işə baxma yükü artıbsa, yaxud vətəndaşların məhkəmələrə müraciət etmək imkanı azalıbsa, bu, artıq islahat yox, anti-islahatdır. Məsələn, indiyə qədər məhkəmələrə müraciət edərkən çox aşağı dövlət rüsumları ödəyirdilər. Sovet dövründən qalmış olduqca mütərəqqi hal idi ki, vətəndaş məhkəməyə müraciət edib və bunun üçün də böyük xərc çəkməyə ehtiyac yox idi. Aparılan dediyimiz islahatlar, dibi görünməyən olduqca dərin islahatlar nəticəsində bu gün rüsumlar dəfələrlə - 5 dəfə, 10 dəfə, 100 dəfə artırılıb. Bunu islahat hesab etmək olarmı?

Digər tərəfdən, məhkəmələrə müraciət etməyin onlayn formaları müəyyən olunub. Yəni bu gün sən elektron qaydanı, kompyuterlərlə işləmək qaydasını bilmirsənsə, artıq məhkəməyə müraciət etmək sənin üçün müşkül bir məsələyə çevrilir. Hətta bu gün mənim özüm üçün də çətinliklər mövcuddur. Eyni zamanda, bu gün 2500-ə qədər vəkilin 2000 nəfəri bu üsuldan istifadə edə bilmir. Əgər sən elektron qaydada məhkəməyə müraciət edə bilmirsənsə, demək, artıq məhkəməyə müraciət edə bilmirsən. Bunu belə etmək olardı ki, əvvəllər vətəndaşlar necə yazılı formada məhkəməyə müraciət edirdilər, bu formanı saxlamaqla elektron formanı da onunla paralel tətbiq etsəydilər, çox əla olardı.

İkinci məsələ - vətəndaşların məhkəməyə, yaxud apellyasiya və kassasiya şikayətləri yazmaları vəkillər tərəfindən həyata keçirilirdi. İndi vətəndaşın özü, yaxud bunu bacaran nümayəndəsi bu müraciəti edə bilməz. Vətəndaş adından yalnız vəkillər bunu edə bilər və onların da hüquqlarını yalnız vəkillər həyata keçirə bilər. Bu, olduqca mürtəce bir normadır, insanların konstitusiya ilə müəyyən edilmiş hüquqlarına qəsddir. Məsələn, mən bunu özüm yazıb verirəm, heç kimə etibar etmirəm, nə vəkilə, nə nümayəndəyə. Özüm ərizəmi yazıb verirəm məhkəməyə, özüm özümü müdafiə edirəm. Özüm apellyasiya, kassasiya şikayəti yazıram, kimin nə ixtiyarı var ki, mənim qanuni hüququmu pozsun?! Deməli, sən vəkil tutmaq istəmirsənsə, öz işini başqa bir şəxsə həvalə etmək istəmirsənsə, məhkəməyə girə bilməzsən. Bu islahat yox, mürtəce normadır ki, vətəndaşların konstitusion hüquqlarının bilavasitə pozulmasına yönəldilib.

Belə halları çox saya bilərəm, məsələn, əvvəllər cinayət və mülki qanunvericilikdə var idi ki, vətəndaşların istənilən etibar etdiyi şəxs, Həmkarlar İttifaqının üzvü, işlədiyin müəssisənin bir üzvü sənin xahişinlə sənin hüquqlarını müdafiə edə bilərdi. Bunlar hamısı ləğv olunub. Bu necə qanun ola bilər? Tutaq ki, Konstitusiyada belə bir norma müəyyən olunur ki, məhkəməyə işi düşmüş vətəndaş istədiyi adamı özünə nümayəndə, yaxud vəkil seçə bilər. İndisə cinayət və mülki qanunvericiliyə normalar əlavə ediblər - Yox, bu funksiyanı yalnız vəkil həyata keçirə bilər. Bu o deməkdir ki, bu artıq islahat deyil.

Bundan başqa, vəkillərin hüquqlarının artırılması islahat ola bilərdi. Ancaq baxın görün, bu gün vəkillər qapaz altındadırlar. Və onların heç bir hüququ, müstəqillikləri yoxdur. Əgər cinayət işlərində vəkil mətbuata çıxırsa, hər hansı bir açıqlama, müsahibə verirsə, onu təqib etməyə başlayırlar, onu Vəkillər Kollegiyasından çıxarırlar. Onu hər gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin məhşər ayağına çəkirlər. Bu islahat olmadı ki. Bu hətta Vəkillər Kollegiyasının azadlığının alınması olur. Bəlkə müstəntiq səhvdir. Vəkil özünü müdafiə edərkən qanunda qadağan olunmayan bütün üsullardan istifadə etməlidir. Bu gün dünyanın bütün ölkələrində vəkillər mətbuat orqanları ilə əlbir işləyirlər. Yəni apardıqları işlər üzrə məhkəmələr, istintaq orqanları tərəfindən yol verilmiş qanunsuzluqları ictimailəşdirirlər. Bunda qeyri-adi nə var ki. Qoy vəkil, vəkilin müdafiə etdiyi müvəkkil icitmaiyyətə çıxsınlar, hadisələr barəsində məlumat versinlər. Əgər o işdə dövlət sirri yoxdursa, istintaq sirri yoxdursa nədən qorxsunlar?

İkinci bir tərəfdən - bu gün məhkəmələrdə həm vəkillərin, həm də məhkəmə iştirakçılarının telefonla daxil olması qadağandır. Nəyə görə? Əgər sən işə qanuni baxırsansa, orada qeyri-qanuni heç nə törətmirsənsə qoy vətəndaş lap kamerayla gəlsin, məhkəmənin gedişini yazsın, pozsun. Niyə qadağan edirsiniz? Əgər sizin orada çirkin bir əməliniz yoxdursa, niyə bir mətbuat işçisi kamerayla daxil olub məhkəmənin gedişini çəkə bilməz, yaxud yaza bilməz?! Niyə? İslahat odur ki, sən azad edirsən, azadlığa doğru, demokratiyaya doğru addım atırsan, bunları açıqlayırsan, məhkəmə prosesi açıq şəkildə gedir. Konstitusiyada yazılıb, istənilən vətəndaş məhkəmə zalına daxil olub, məhkəmənin gedişiylə tanış ola bilər. İnsanları məhkəmə zalına buraxmırsınız, çox məhkəmələr qapalı keçirilir. Yenə deyirəm, bu demokratik məhkəmə prinsiplərindən uzaqlaşmaq deməkdir. //hurriyyet.az//