Gündəm / Siyasət / Cəmiyyət

Zəngəzur dəhlizi Ermənistan üçün “milli intihar” olacaq - “Nezavisimaya qazeta”

Zəngəzur dəhlizi Ermənistan üçün

İrəvanda hakimiyyətin hərəkətləri ilə razılaşmayanların aksiyaları davam edir və Qarabağda yeni sülhməramlı missiya ilə bağlı müzakirələr alovlanıb. ABŞ İrəvana öz xidmətlərini təklif edib. Moskva isə xatırladıb ki, regionda istənilən hərəkət üçün icazə Bakıdan alınmalıdır.

"Kanal14.az" bildirir ki, bu barədə "Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

"İstənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdiririk”, - bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml Dövlət Departamentinin sözçüsü Metyu Millerin ABŞ-ın Azərbaycanın Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək beynəlxalq missiya yaratmağa çalışdığı barədə bəyanatına belə cavab verib.

Türkiyə daha əvvəl Qarabağda vəziyyətin normallaşdırılmasında vasitəçiliyini təklif edib, Ankara və Moskvanın iştirakı ilə Bakı və İrəvan arasında görüşün keçirilməsi təşəbbüsünü irəli sürüb. Amma hələlik konkret məlumat ancaq oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ikitərəfli görüşlə bağlı ortaya çıxıb.

Türkiyənin planlarına gəlincə, prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvanda İlham Əliyevlə görüşdə Ankaranın "Bir millət, iki dövlət” mövqeyini xatırladıb. O belə izah edib: "Naxçıvanla və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu ilə birbaşa əlaqə yaratmaq əlaqələrimizi daha da gücləndirəcək”.

Söhbət Bakını Türkiyənin eyniadlı vilayətinin inzibati mərkəzi Qarsla dəmir yolu ilə birləşdirmək üçün nəzərdə tutulan Zəngəzur dəhlizindən gedir. Ərdoğan və Əliyev müvafiq memorandum imzalayıblar. Bu isə İrəvanın mənfi reaksiyasına səbəb olub.

Ərdoğan buna münasibət bildirib: "Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa, bu dəhliz İrandan keçə bilər”.

Türkiyə prezidenti deyib ki, İran bu məsələyə müsbət yanaşır. İlham Əliyev bildirib ki, "Azərbaycan ərazisində işlərin gələn ilin sonunda başa çatdırılması ehtimalı daha yüksəkdir”.

UNEC Universitetinin Türk Dünyası İqtisadiyyat fakültəsinin dekanı, professor Uludağ Mehmet Yüce iki liderin görüşünü belə şərh edib:

"Azərbaycan-Türkiyə birliyi ilə Cənubi Qafqazda yeni reallıq üzə çıxıb. Regionda heç bir güc bu reallığa məhəl qoymadan uğur qazana bilməz”.

Eyni zamanda, Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Maykl Rubin hesab edir ki, "ABŞ Azərbaycan və Türkiyəyə dəhliz verməməkdə Ermənistanı dəstəkləməlidir”.

AEIdeas portalındakı məqalədə Rubin qeyd edib ki, dəhliz yaradılması Ermənistan üçün "milli intihar” olacaq. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kimin Ermənistana səfərini şərh edərkən o qeyd edib ki, Bakıda "nə Kim, nə də Pauer ciddi qəbul edilmir”.

Rubin Kanzas Milli Qvardiyasının Ermənistan Müdafiə Departamenti ilə uzunmüddətli əməkdaşlığını xatırladaraq yazır: "Ağ ev Ermənistanı müdafiə etməkdə ciddidirsə, öz qüvvələrini ən azı müvəqqəti olaraq Ermənistanın cənubunda yerləşdirməyi düşünməlidir”.

Samanta Pauer və Yuri Kimin başçılıq etdiyi nümayəndə heyəti Qarabağdan olan qaçqınlarla görüşüb. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovhannisyan bildirib ki, Amerika nümayəndə heyətinin sərhəd Sünik bölgəsinə səfərinin əsas məqsədi humanitar yardım göstərmək və vəziyyətin yerindəcə həllini tapmağa çalışmaqdır. Onun sözlərinə görə, Samanta Pauer baş verənləri öz gözləri ilə görmək və ABŞ prezidentinə hesabat vermək istəyir. //Reyting.az//