Gündəm / Siyasət

"Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə ola bilər" - Peskov



"Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə orada ola bilər. ABŞ-nin təşəbbüsünə gəlincə, hələ ki, bu barədə heç bir konkretlik yoxdur".

"Kanal14.az" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bu mövzuda Amerika tərəfi ilə təmasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

"Orada (Qarabağ - red.) istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Siz ilk növbədə bundan xəbərdar olmalısınız. Biz də öz növbəmizdə İrəvan və Bakı ilə, eləcə də Qarabağ erməniləri ilə təmaslarımızı davam etdiririk”, - deyə Peskov bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar Azərbaycanın Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək beynəlxalq missiyanın yaradılması üzərində işləyir. O əlavə edib ki, belə bir təşəbbüs fəal müzakirə olunur.