Gündəm / İqtisadiyyat / Cəmiyyət

"Pambıq respublikası"nda statistika var, pambıq yoxdur... - Susuzluq və əkinin gecikməsi pul "aparır"


Azərbaycan hələ sovet dövründə "pambıq respublikası" kimi tanınırdı. Müstəqillik dövründə zamanla məhsuldarlıq aşağı düşməyə başladı. Son illər bu istiqamətdə müəyyən canlanma hiss olunurdu. Neft qiymətləri düşən kimi hökumət pambığı xatırlayır. Guya ölkəyə böyük pullar gətirəcək. Pambıq tədarükü məntəqələri ilə bağlı çox danışılır. Rəsmi statistika istehsalın artdığını iddia edir. Amma ortada bir şey yoxdur.

"Kanal14.az" Bizimyol.info-ya istinadən xəbər verir ki, keçən il pambıq ixracı 121 milyon dollardan 52 milyon dollara düşüb. Qeyri-neft ixracı statistikasında bu məhsulun ölkəyə gətirdiyi gəlir digərləri ilə müqayisədə xüsusilə azalıb. Məsələn, meyvə-tərəvəz, kimya sənayesi məhsulları, metal ixracı heç bu qədər azalmayıb. Pambıq ölkəyə gözləniləndən dəfələrlə az qazanc gətirir. Heç ətrafında bu qədər ajiotaj yaradılmasına da dəymir.

Pambıq xəyalları niyə suya düşdü? Bəlkə də, ona görə ki, ölkədə su qıtlığı var. Hökumət vəziyyətin yaxşı olmamasını etiraf etmək istəməsə də, pambığın perspektivi görünmür. Məsələn, Saatlı pambıq rayonu sayılır. Burada həmişə məhsuldarlıq yüksək olub. Amma indi bu rayonda ciddi su qıtlığı var. Hətta sakinlər buna görə aksiya da keçirmişdilər. Kür hövzəsində yaşayanlar adicə bostan sulamağa aciz qalırlar. Pambığın inkişafından, məhsuldarlığın artırılmasından necə danışmaq olar?! Onsuz da tarlalarda çalışanlara pambıq toplamaq çox sərf etmir. Böyük əziyyət müqabilində qəpik-quruş alırlar. Tədarük məntəqələri zəhmətkeşləri razı salacaq şərtlərlə işləmir. Üstəlik, proses getdikcə daha mürəkkəb olmağa başlayıb. Susuzluq özünü bütün müstəvilərdə göstərir.

Eyni zamanda pambıq təsərrüfatında böyük nöqsanlara yol verilir. Məsələn, az qala hər il məhsulun əkilməsində gecikməyə yol verilir. Yəni aprelin sonuna qədər proses yekunlaşdırılmır. Pambıq yığımı da eyni taleyi yaşayır. Oktyabrın sonuna qədər məhsulun tam yığılması lazım gəldiyi halda bir çox hallarda sahələr hələ də "ağ libasını çıxarmır". Pambıq toplayanlar da işdə stimul görmürlər. Məhsulun kiloqramının 10-15, lap 20 qəpiyə yığmaq heç bir halda sərfəli görünə bilməz. Pambıq istehsalı kənd təsərrüfatının inkişaf planının tərkib hissəsi olmalıdır. Bizdə isə bu məhsul təbliğat predmetindən başqa bir şey deyil.