Gündəm / Siyasət

Sülhməramlıların komandanı niyə tez-tez dəyişir ?...

Sülhməramlıların komandanı niyə tez-tez dəyişir ?...

Kanal14.az: - General-mayor Kiril Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. Kulakov 20 iyul 1969-cu ildə anadan olub. O, 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi vəzifəsində çalışıb.

Sülhməramlı kontingent Qarabağa yerləşdikdən sonra bir neçə dəfə komandan dəyişib. Rüstəm Muradovdan sonra artıq 3 ildə 3-cü şəxsdir ki, SQ-nin komandanı təyin edilir.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib. Bu müddət ərzində bir neçə komandan dəyişib. Belə ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, missiyasını başa vurduqdan sonra bu vəzifəyə general-mayor Mixail Kosobokov, Gennadi Anaşkin, Andrey Volkov, general-polkovnik Aleksandr Lentsov, daha sonra general-mayor Kiril Kulakov təyin olunub.

Bəs komandanlar niyə tez-tez dəyişir? Bu, rotasiya qaydasıdır, yoxsa komandirlər hansısa "ÇP”lərə görə yenilənir?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov "Yeni Müsavat”a danışıb:

"Hər halda səbəbsiz heç nə olmur. Amma əlbəttə ki, komandanların dəyişməsi Rusiyanın daxili işidir, ola bilsin, Müdafiə Nazirliyinin müəyyən rotasiya planı var və məsələ buna görə tənzimlənir.

Həmçinin bu gün Rusiya-Ukrayna arasında savaş getdiyi bir zamanda bu kimi halların olması təəccüblü deyil, çünki hazırda Rusiya üçün də asan vəziyyət deyil. Əgər komandanların tez-tez dəyişdirilməsi sülh dövründə baş versəydi, o zaman "komandanlar niyə tez-tez dəyişir?” sualını qoya bilərdik.

Məlum olduğu kimi ermənilər Qarabağda əvvəlki komandanlardan fərqli olaraq Lentsova müsbət münasibət bəsləmirdilər. Hətta son zamanlar ermənilər sülhməramlıların hərbi hissəsinin qarşısını maşınlar və sairə ilə kəsərək, mitinqlər keçirərək öz etirazını bildirirdilər.

O ki qaldı yeni komandana, bizim üçün elə böyük əhəmiyyət kəsb etmir, komandan Lentsov, Kulakov, ya başqasıdır. Ona görə ki, bu komandanların hamısı icraçılardır və Rusiyanın siyasətini həyata keçirirlər. Yəni kim gəlir gəlsin, onlar bütün əmrləri Rusiya dövlətindən, Müdafiə Nazirliyindən alaraq icra edirlər. Beləliklə, hesab edirəm kimin olmasından asılı olmayaraq, orada bütün proseslər Rusiya dövlətinin regionda məhz sülhməramlı kontingentin istifadəsi ilə öz maraqlarını hansı istiqamətdə inkişaf etdirməsindən asılıdır.

Azərbaycan hansı yeni komandanın gəlməsindən asılı olmayaraq, istəyir, arzulayır ki, onlar daha çox Rusiya sülhməramlılarının missiyasına aid olan funksiyalar ilə məşğul olardılar. Bu 3 il ərzində, Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlı cəmiyyətdə çoxlu sayda haqlı narazılıqlar, iradlar var. Bu cür iradları Azərbaycan Prezidenti İlham Əliyev özü də qeyd edib.

Yəni bu 3 il ərzində Rusiya sülhməramlıları üzərinə düşən missiyadan başqa hər cür işlə məşğul olublar. Biz bunu ekofəallar Azərbaycan ərazisində monitorinq keçirəndə, humanitar yükün aparılması zamanı gördük.

Ona görə də yeni komandan hansı təlimatlarla gələcək, hansı yolu tutacaq, hansı mövqedə olacaqsa, biz bunu sülhməramlı qüvvələrin və yaxud hansısa bir qurumun müstəqil qərarı kimi deyil, Rusiyanın mövqeyi kimi qəbul etməliyik.

Bu gün getdikcə mürəkkəbləşən proseslər onu göstərir ki, Azərbaycan özü məsələyə müdaxilə etməsə, proseslər daha da mürəkkəbləşəcək, kəskinləşəcək, aqressivləşəcək. Azərbaycan dövlətinin mövqeyi də onu göstərir ki, Azərbaycan daha səbir etmək, gözləmək mövqeyini tutmur. Artıq lazım olan addımların atılmasının zamanı çatıb".

Hərbi-siyasi ekspert Ramil Məmmədli də hesab edir ki, Rusiya sülhməramlı kontingentinin komandanlarının tez-tez dəyişdirilməsinin ümumi prosesə heç bir təsiri olmur. DİA.AZ-ın məlumatına görə, ekspert bununla bağlı "Bakı-xəbər”ə açıqlamasında deyib:

"Rotasiyanın belə sürətli həyata keçirilməsində əsas məqsəd komandanın yerli proseslərə inteqrasiya olunmasının qarşısını almaqdır. Bu postdakı adam orada nə qədər çox qalarsa, o qədər lokal proseslərə müdaxilə imkanı çoxalar. Atıq biz görürük ki, ildə iki komandan bir-birini əvəz edir. Mən bunu normal qəbul edirəm. Lentsov Rusiya üçün elə bir ciddi addıma yol verməyib ki, onun çıxarılması ilə bağlı qərar verilsin. Rusiya sülhməramlılarına bundan sonra kimin komandanlıq edəcəyinin rəsmi Bakı üçün önəmi yoxdur: bir generalı başqasının əvəzləməsi vəziyyətdə heç bir ciddi dəyişiklik yaradan deyil. Moskvanın mövqelərini möhkəmləndirmək və maksimal dərəcədə ciddi, qətiyyətli, işgüzar təsir bağışlamaq istəyi anlaşılandır. Ehtimal edə bilərik ki, Ukraynada aparılan hərbi əməliyyatlardakı mövcud vəziyyət, xüsusilə də son həftədə həmin arealdakı Rusiya qoşunlarının komandanlığından 16 generalın kənarlaşdırılması ciddi kadr problemləri yaradıb. A.Lentsovun Ukraynaya, birbaşa hərbi əməliyyatlar bölgəsinə göndərilməsi, yaxud da ona Ukraynadakı əməliyyatların idarə olunduğu Rostovdakı qərargahda yüksək postlardan birinin tapşırılması istisna deyil”.

Ekspert vurğulayıb ki, kimin komandan təyin edilməsindən asılı olmayaraq, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd var:

"Bu iki ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq edirlər. Həmçinin, Rusiyanın Azərbaycanda və Azərbaycanın da Rusiyada bir sıra müəssisələri fəaliyyət göstərir. Bu səbəbdən də rus sülhməramlıları diqqətli olmalı, ermənilərin yanlış siyasətinin qurbanına çevrilməməlidirlər. Bu, Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik sənədinə də ziddir. Azərbaycan Rusiya tərəfinə dəfələrlə xəbərdarlıq edib. Bizim gözləntilərimiz ondan ibarətdir ki, Rusiya bu məsələləri mütləq nəzərə almalıdır. Nəzərə almadığı təqdirdə, Azərbaycanın da buna öz münasibəti və reaksiyası olacaq”.