Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Ölkə paradoksu: Minimum əməkhaqqıdan aşağı maaş almaq

Ölkə paradoksu: Minimum əməkhaqqıdan aşağı maaş almaq

Ölkədəki sosial vəziyyətin eybəcərliyini görmək üçün statistikaya ehtiyac yoxdur. Adicə müşahidə real durumu aydın sezməyə kömək olur. Amma statistika da az şey demir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər ölkədə sosial mənzərənin danışılanlardan, hökumətin iddiasından xeyli pis olduğunu göstərir.

"Kanal14.az" Bizimyol.info-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkədə maaşla çalışanların 10,7 faizinin minimum əməkhaqqıdan aşağı məvacib aldığını açıqlayıb. Təxminən 170 min nəfərdən söhbət gedir. Yəni işləyən hər 10 nəfərdən 1-i ayda heç 345 manat qazanmır. Ölkədə sosial vəziyyətin faciəvi olduğunu göstərən başqa rəqəmə ehtiyac yoxdur. Sosial mediada iqtisadçılar bu məsələyə xüsusi diqqət ayırıblar. Onlar statistik göstəricinin hökumətin sosial siyasətinin eybəcərliyini ortaya qoyduğunu yazırlar. Həqiqətən də, belə hesabatın yayılması bu istiqamətdə heç bir müsbət addımın atılmamasının etirafıdır. Həmin 170 min nəfər o məvacibə möhtac qalıbsa, deməli, həm də acından ölmək təhlükəsiz ilə üzləşib.

Azərbaycanda 345 manatdan az qazanmaqla yalnız acından ölmək olar. Ölkədə minimum əməkhaqqının 345 manat olması 2023-cü ilin yanvarından müəyyənləşdirilib. Rəsmi açıqlama gələ bilər ki, keçən il nəzərdə tutulub, indi həmin çalışanlar daha çox məvacib alır. Nə qədər çox? Lap olsun 350-400 manat. Təsəvvür edin, ölkədə nə qədər insan qul əməyi ilə məşğuldur. Bunu başqa cür adlandırmaq mümkün deyil. 350 manat qazanan insan həyatda necə ləyaqətli şərtlərlə qala bilər?

Mağazalardakı qiymətlərə baxsınlar. İndi Azərbaycanda ərzaq qiymətləri Polşa, Fransa, Almaniya kimi Avropa ölkələrindən baha görünür. Oralarda insanlar 1000-1500 avrodan az qazanmır. Yazıq azərbaycanlı 350 manata necə yaşasın?! Median əməkhaqqı ilə bağlı neçə dəfə yazmışıq. Həmin statistika göstərir ki, ölkədə çalışan qismin yarısı ayda 420 manatdan az qazanır. Özü də həftədə 50-60 saat işləməklə. Nə qanunvericliyə sığır, nə də insanlığa. Rəqəmləri nə qədər o tərəf-bu tərəfə çevirsək, yenə də durumun ağlamalı olduğunu deməliyik.