Gündəm / Cəmiyyət / Sosial

Məhkumlar aşpazlıq kurslarına cəlb olunub

Məhkumlar aşpazlıq kurslarına cəlb olunub

Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzinin, Dövlət Məşğulluq Agentliyi və Milli Kulinariya Mərkəzinin dəstəyi ilə Bakı istintaq təcridxanasında yeni pilot layihəyə start verilib.

"Kanal14.az" xəbər verir ki, tədbirdə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və digər qonaqlar iştirak edib.

Bildirilib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, islah və tərbiyə işlərinin təkmilləşdirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin peşə təhsilinə və ictimai faydalı əməyə cəlb olunması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bu baxımdan, məhkumların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası, yeni iş yerlərinin yaradılması və müxtəlif peşə sahələrinə yiyələnmələri üçün növbəti tədbirlər həyata keçirilməkdədir.

Layihə çərçivəsində məhkumları yaradılmış aşpazlıq kurslarına cəlb etməklə onlarda yeni peşə bacarığını formalaşdırmaq, eyni zamanda, müəssisələrdə hazırlanan yeməyin keyfiyyətini daha da yaxşılaşdırmaq nəzərədə tutulub.

Kursları bitirən məhkumlara sertifikatlar təqdim olunacaq və nəticədə onlar azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirə biləcəklər.

Tədbir çərçivəsində, həmçinin, peşəkar ekspertlər kursa cəlb olunan məhkumlara nahar menyusuna uyğun mühazirələr söyləyib. Peşəkar mütəxəssislərin nəzarəti altında hazırlanmış yeməklər qonaq və ekspertlər tərəfindən dequstasiya olunduqdan sonra məhkumlara göndərilib.