Gündəm / Cəmiyyət / Sosial / Foto

"Özümə yer edərəm, görün sizə nələr edərəm" - Blogerlərin "başına sığal çəkən" Əzizovun gələcək planları


Kanal14.az: - Biz ötən həftə "bığla saqqal arasında tez-tez yer dəyişdirən" "kral" Əzizov barəsində qısa alınması üçün hər şeydən cəmi bir kəlmə qeyd etməklə geniş yazılı məlumat yayımlamışdıq.

"Hər şeydən bir kəlmə" ifadəsi ilə, "geniş yazı" ifadəsi sizi çaşdırmasın, yanlış cümlə deyil. Trolleybus ustalığından sahibkarlığa, ordan da birbaşa Cəlilabad "krallığı"na yüksələn, orada təqribən 10 il (özünə və şərikinə) xidmət etdikdən sonra, Cəlilabadın taxtından endirilib, Bakının Yasamal rayonunda "kral taxtı"na əyləşən Əzizovun sahib olduğu o, hər şeydən bir az qeyd etməklə bir neçə cildlik kitab yazmaq olar, nəinki geniş material...

Əzizovun "biznes sevdası" indi də Suaraxanıda davam edir - VİDEO

İllər əvvəl "DogruXeber.az" da onun Cəlilabad rayonundakı təsərrüfat sahələri, şərab zavodu, üzümçülük və heyvandarlıq təsərrüfatları, eləcə də vətəndaşların öz halalca torpağını zorla əllərindən alıb satdığı barəsində material dərc etmişdi. O, zamanlar Əziz Əzizovun rayondakı idarəçiliyində "özünəqulluq" prinsiplərinə dözə bilməyən və torpaqları zorla əllərindən alınıb, başqasına satılan rayon sakinlərinin "DogruXeber.az"a müraciətinin görüntüləri və gileyləri də sözügedən materialda yer alırdı.

Ardından isə bu "bacarıqlı biznesmen" şəriki olduğu deyilən "qoruyucu mələyi"nin yardımı ilə "çoxillik taxtından enib", yol aldı Bakının Yasamal rayonuna.

Yasamalda çox deyil, cəmi 22 ay rəhbər kürsüsündə əyləşən Əzizovun bu 22 ayda təkcə Yasamal ərazisində sahib olduqlarına başqaları bəlkə də 22 ilə min bir əziyyətlə anca sahib ola bilərdi. Lakin, başqalarına uzun illərə başa gələn böyük bizneslərə əllərində yüksək səlahiyyət olan Əzizov və "biznes ortağı" qısa müddətdə sahib Oldular.

Hələ təkcə Yasamal ərazisində mehriban şəriklərin sahib olduqları iaşə obyektləri və yaşayış binalarının peykdən görüntüsünə baxın.








Bəli ötən yazımızda da qeyd etdiyimiz kimi, rayon ərazisində qanunsuz yerlərdə iaşə obyektləri olan sahibkarların maddi vəsaiti hesabına Yeni Yasamal -2 ünvanındakı köhnə baxımsız qalan parkı bərpa etdirən və bu yolla da büdcədən xeyli miqdarda pul "əkişdirdiyi" deyilən fərasətli ağsaqqal Əzizov, orada da özünə əlavə "çörək yeri" qurmağın yolunu tapıb. Həmin parkın içində iki iaşə obyekti, ödənişli uşaq əyləncə atraksionları, əyləncə maşınları və parkın düz yanında böyük meyvə-tərəvəz mağazası.

Qeyd edək ki, bütün bunların hamısına da öz yaxınlarının - qardaşlarının rəhbərlik etdiyi deyilir.

Yeni Yasamal -2 ünvanında parkın içindəki iaşə obyektinin birinin fəaliyyəti hələ ki, dayandırılıb, oradan axşamlar uşaq əyləncə maşınları və digər əyləncə vasitələrinin qarajı kimi istifadə edilir.

Digər biznesləri - meyvə-tərəvəz mağazası, "Baku Mall" biznes mərkəzi, restoranlar, yaşayış binaları, atraksionlar və sair isə olduğu kimi fəaliyyətini davam etdirir.

22 ay sonra "növbəti hərəkətlənmədə Suraxanı stansiyasında əylənən " Əzizovun oradakı obyekti və satdığı deyilən əraziləri və hələ ki, baxımsız qalan, ağaclarının kəsilməsinə göz yumulan köhnə park da bir neçə gün əvvəl sosial şəbəkələrdə yayımlandı.

Yerli medianın dediyinə görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə "tamah salan" Əzizov indi onun barəsində bəzi şeylər bilən blogerlərlə, jurnalistlərlə məcburən "dostluq" edir, eləcə də rayonun aktiv, hüquqlarını bilən sakinləri ilə yaxşı yola getməyə çalışır ki, hədəfinə gedən yolda heç bir problem ona mane olmasın. Halbuki, Şəhid ailələri, qazilər küçələrin bərbad vəziyyətdə olmasından gileylənirlər. Həmçinin, Başçının qəbuluna düşmək istəyib, düşə bilməyən Suraxanı sakinləri qəbulda əyləşən xanımın "Əziz müəllim tədbirdədir", "Əziz müəllim qəbuldadır", "Əziz müəllim tədbirdən çıxıb başqa tədbirə girdi, sizi qəbul edə bilməyəcək" kimi hər gün ardıcıl deyilən bu cümlələrindən sözün əsl mənasında boğaza yığıldıqlarını deyirlər.

Sanki, bütün gün başçı görüşdədir. Maraqlıdır, vətəndaşları qəbul etməyən başçı kimlərlə keçirir bütün gün bu görüşləri?

Başı "blogerlərin könlünü almağa qarışan" BŞİH-nə "namizəd" Əzizov özü də bilmədən rayon sakinlərini özündən narazı salır.
Belə getsə daha böyük biznes xəyalları xəyal olaraq qalacaq.

Amma, yox... Bir icra başçısının ki, "iyilik mələyi" onun həm də biznes ortağı ola, onun "kürəyi yerə gəlməz" yəqin ki...

Mövzuya yenidən qayıdacağıq və qarşıdakı günlərdə Əzizov və bəzi müavinləri barəsində söz verdiyimiz maraqlı məlumatları da diqqətinizə çatdıracağıq.



Fotoda gördüyünüz ərazi Suraxanı rayonu Hövsan qəsəbəsidir.
Növbəti yazılarımızda məqsədli şəkildə kəsilən yaşıllıq ağaclarının yerində qanunsuz inşa edilən bu və digər iaşə obyektləri barəsində ətraflı məlumat dərc edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman