Gündəm / Cəmiyyət

Hər nazirliyin yanında bir İctimai Şura var - Replika

Hər nazirliyin yanında bir İctimai Şura var - Replika

Kanal14.az: - Bizdə iki cür hökumət var. Biri hökumətin özü, bir də onun yanındakı İctimai Şura "Hökuməti". Hər nazirliyin yanında bir İctimai Şura var.
Bir də görürsən ki, bığlı-saqqallı əmilər, ya xanım-xatun bibilər o şuralara "seçilmək" üçün basabas salırlar. Çoxu da qeyri-hökumət təşkilatlarının sədrləri-filan olur. İctimaiyyətin nümayəndəsi olduqlarını iddia edirlər. Sonrası da ki, məlum: nazirliklərin (oxu: nazirlərin), dövlət komitələrinin, dövlət agentliklərinin (oxu: sədrlərin) yanına yerləşib, rahat yaşamağa başlayırlar. "İctimai Şura" çətiri altında. Çoxu da ömründə bircə dəfə də olsun hansısa yaralı ictimai barmağı dezinfeksiya etməyib.

"Seşilmək", yəni siyahıya düşmək gələndə yeri-göyü titrədirlər, aləmi bir-birinə qatırlar. Şirü-nərə dönürlər. Gur-gur guruldayırlar, nər-nər nərildəyirlər, amma bir problemi həll etmək, bir söz demək, mövqe bildirmək gələndə, heç kimin səsi gəlmir.

Məsələn, indiyə qədər 50-yə yaxın qazi - müharibədə can qoymuş oğul özünü yandırıb, ya da başqa cür intihar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, ya da üzvü o qazilərin qarşısına çıxıb, onların dərdini dinləyib, kömək edibmi?! Ya da Gədəbəy, Söyüdlü hadisələrini götürək. Ölkə prezidenti də deyir ki, o camaat dəfələrlə şikayət edib. Baxan olmayıb. Yaxşı, prezidentin də dediyi kimi, rəsmi hökumət gözünü yumub, bəs "ictimai hökumət" hara baxıb?! Eləcə də başqa belə böhranlı vəziyyətlərdə o biri qurumların ictimai şuralarının davranışlarına baxaq.

Bunlar nə iş görür?! Ya da niyə heç bir iş görmür?! Bu "İctimai Şura Hökuməti" adından gen-bol istifadə etdiyi ictimaiyyətə bir fayda veribmi?! Ritorik suallardır. Cavabı əslində məlumdur.//Bizimyol.info