Təbii fəlakətlər, eləcə də zəlzələ zamanı uşaqlarda təşviş, həyəcan, travma sonrası stress pozuntusu, depressiya kimi psixiatrik xəstəliklər yaşana bilər. 

"Kanal14.az" xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Çilənay Xəlilova deyib. Onun sözlərinə görə, bu zaman uşaqlarda baş verə biləcək travmalar gündəlik həyatdakı stressdən çox fərqlidir. Bu travmalar gözlənilmədən baş verdiyinə görə, uşaqlar daha çox əziyyət çəkirlər:

"Belə ki, xəstəlik özünü əhval-ruhiyyənin enməsi, kefsizlik, yuxu pozuntusu, iştahada dəyişiklik, əzizlərini itirmək qorxusu ilə özünü göstərir. Azyaşlı uşaqlarda valideynlərindən ayrı yatmaq, evdə tək qalmaq, heç yerə getmək istəməmə, qaranlıq mühitlərdən qaçma kimi qorxular baş qaldırır. 

Ç.Xəlilova zəlzələ qorxusundan (seymofobiya) uşaqlarda narahatlıq, daimi sayıqlıq, baş gicəllənməsi, titrəmə, ürək döyüntüsü, tərləmə kimi əlamətlərin də müşahidə edildiyini nəzərə çatdırıb:
"Təbii ki, bu əlamətlər müxtəlif yaş qruplarında olan uşaqlarda müxtəlif şəkildə büruzə verir. 6 yaşından kiçik uşaqlar ölüm anlayışını tam dərk etmədikləri üçün hadisənin fərqində olmurlar. Bəzi uşaqlar zəlzələ zamanı şok vəziyyətində olub donub qalır, hisslərini basdırır, bəziləri isə ağlayıb, qışqıraraq reaksiya verirlər. 

6 yaşından böyük uşaqlarda travma sonrası (posttravmatik) stress pozuntusu daha çox rast gəlinir. Yaşadığı evin dağılması, valideynini itirmək, oxuduğu məktəbin artıq olmaması ciddi şəkildə depressiyaya gətirib çıxara bilər.
Ümumiyyətlə, məktəbəqədər yaş qrupunda olan uşaqlardan fərqli olaraq məktəb yaşlı uşaqlar hadisələri dərk etmək yetkinliyinə sahibdir. Onlarda, həmçinin məktəb və dostlarından ayrılmaq qorxusu çox güclü ola bilər”.

Həkim-psixiatr azyaşlıları fəlakətin xoşagəlməz nəticələrindən bəhs edən televiziya verilişlərindən uzaq tutmağı məsləhət görüb.