Gündəm / Siyasət

Əliyev-Paşinyan görüşü: Müsbət nəticəyə tələsəkmi? - Ekspert danışır

Əliyev-Paşinyan görüşü: Müsbət nəticəyə tələsəkmi? - Ekspert danışır

"Əliyev ilə Paşinyan arasında növbəti görüşün keçiriləcəyi ilə bağlı yayılan məlumatlar hələ rəsmi səviyyədə təsdiqini tapmayıb. Amma son günlər Azərbaycan və Ermənistan arasında diplomatik təmasların artırılması, xüsusilə ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəhbərlik etdikləri böyük heyətlərin bir neçə gün ardıcıl müzakirələr aparması onu deməyə əsas verir ki, prosesdə hansısa razılaşma və ya hərəkətlənmə mövcuddur. Əlbəttə, bu görüşlərdən qısa zamanda müsbət sonluq gözləmək olmaz. Çünki Ermənistan və onun rəhbərliyinin davranışlarına, erməni cəmiyyətində baş verənlərə diqqət yetirsək görərik ki, hələlik prosesdə ciddi irəliləyiş yoxdur”.

Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə bir araya gələcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə ehtimal olunan görüşünün baş tutması müsbət hadisə olardı.

O. Qasımov əlavə edib ki, belə görüşlərin əhəmiyyəti var:

"Avropa İttifaqı da öz vasitəçiliyini həyata keçirməyə çalışır. Sadəcə, problem ondan ibarətdir ki, Avropa İttifaqı kollektiv qurumdur, Fransa burada qəbul edilən qərarlara təsir etmək imkanlarına malikdir. Odur ki, Brüsselin vasitəçilik missiyası Parisin təsirləri səbəbindən tam uğurla nəticələnmir”.

Müsahibimiz xatırladıb ki, məhz Fransa prezidenti Makronun təsiri nəticəsində oktyabrın 6-dan sonra Avropa İttifaqının xətti ilə təmaslar olmayıb. Üstəlik, rəsmi Parisin təhriki ilə Avropa İttifaqı dekabrda Azərbaycan-Ermənistan sərhəddinə göndərdiyi mülki missiyanın müddətini və tərkibini artırmaqla bağlı qərar qəbul edib. Amma bu zaman Azərbaycanla hər hansı məsləhətləşmə aparılmayıb. Bu isə Brüsselin vasitəçilik missiyasına kölgə salıb.

O. Qasımov əlavə edib ki, Avropadan göndərilmiş mülki missiyaya qarşı Ermənistan tərəfindən tənqidi fikirlər səsləndirilir. "Hətta Paşinyan bu missiyanın Ermənistanda mövcudluğunu təhlükəsizliyin təminatından daha çox təhdidi yaratdığını ifadə edir. Bu da ciddi siqnal sayıla bilər. Mümkündür ki, Avropa İttifaqı bunları da nəzərə alır. Hər halda görüşün keçirilməsi müsbət hal olsa da, hələlik ciddi nəticələrin əldə ediləcəyini düşünmürəm”,- deyə O. Qasımov fikrini yekunlaşdırıb.