Gündəm / Siyasət

Paşinyan ümidi GÖYLƏRƏ QALIB... - FAKT BUDUR!

Paşinyan ümidi GÖYLƏRƏ QALIB... - FAKT BUDUR!

Kanal14.az: - Brüsseldən Ermənistana qayıdan Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla razılaşmalardan danışıb. Baş nazir bildirib ki, rəsmi Bakı ilə razılaşmalar regionun simasını dəyişə bilər: "Azərbaycan Prezidenti İlham Əliyev ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar onların icrası zamanı regiondakı siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək. Razılaşmaları qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik”.

Paşinyan qeyd edib ki, Prezident İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub: "Yaxın vaxtlarda bu məsələnin həllinə köklənmək lazımdır. Onu da bildirim ki, gündəlikdəki ikitərəfli məsələlər barədə təmasların Azərbaycan Prezidenti İlham Əliyevlə davam etdirilməsi barədə razılıq əldə edildi. Tərəflər ümumi yanaşma və baxış bucağı formalaşdırmaq, həmçinin fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar”.

Xatırladaq ki, Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə belə halın baş vermədiyini müsbət qiymətləndirən dövlət başçısı Ermənistana qarşı fikir səsləndirmədiyini qeyd edib. Ölkə rəhbəri bəyan edib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir.

Bir sıra ekspertlərin fikrincə, bundan sonra liderlərin görüşü intensivləşəcək və bu da müəyyən məsələlərdə kiçik də olsa irəliləyişə səbəb olacaq.

Paşinyanın mövqeyini "Şərq”ə təhlil edən "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərdən sonra verdiyi açıqlamalar ümumi prosesin mahiyyətini ortaya qoyur. Analitik bildirib ki, Brüssel görüşündən sonrakı mərhələdə tərəflər arasında təmaslar intensiv hal alacaq:

"Brüssel görüşü bir neçə vacib məqamı gündəmə gətirdi. Birincisi, bəlli oldu ki, Azərbaycan-Ermənistan münasibətlərində və problemlərin çözülməsində Rusiya dominant deyil. Paşinyan həm də Qərb ölkələrinin maraqlarını nəzərə almağa və onların fikirləri ilə hesablaşmağa çalışır. İkincisi isə regionda yeni münasibətlər sistemi qurulur və rəsmi Bakının tələbləri qəbul olunur. Zəngəzur dəhlizinin açılması yönündə atılan addımlar, dəmir yolu ilə bağlı konkret anlaşma və pozitiv açıqlamalar bunu göstərir. Kommunikasiya ilə bağlı məsələlərin həllinin daha da sürətlənəcəyi gözləniləndir. Ondan sonra iqtisadi əlaqələrin qurulması mümkün olacaq. Əlbəttə, Nikol Paşinyan qərarları öz iradəsi ilə vermir və bəlli dairələrdən təlimatlar alır. Lakin Azərbaycan rəhbərliyinin uğurlu və qətiyyətli diplomatik gedişləri müsbət nəticəsini verməkdədir. Paşinyan komandası və erməni xalqı yaxşı başa düşür ki, bataqlıqdan qurtulmaq üçün yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”.