Gündəm / İqtisadiyyat / Sosial / Foto

ARXKOM ilə İcra Hakimiyyətini hansı səbəblər birləşdirir? - FOTO (YENİLƏNDİ)

ARXKOM ilə İcra Hakimiyyətini hansı səbəblər birləşdirir? - FOTO (YENİLƏNDİ)

Ötən gün Xətai rayonu ərazisində küçələrin natəmizliyindən, evlərin üzərindən, həyətlərdən keçən yüksək gərginlikli elektrik xətlərinin ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyi olduğundan, eləcə də gecələr aparılan qanunsuz tikintilərdən bəhs etmişdik.

Həmçinin, aidiyyatı qurumların məsələyə münasibətini öyrənmək üçün əlaqə saxlamaq cəhdlərimizin boşa çıxmasından bəhs etmişdik.

Bu gün isə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən "DogruXeber.az"a bu barədə açıqlama verildi ki, məsələdən xəbərləri var, komitə tərəfindən həmin əraziyə nümayəndə göndərilib və həqiqətən də qanunsuz olduğu aşkar edildiyi üçün tikinti artıq komitə tərəfindən dayandırılıb və tikinti işlərinin dayandırılması üçün tədbirlərin görülməsinə dair aidiyyatı dövlət qurumlarına - Xətai rayon İcra Hakimiyyəti və FHN-nə müraciət edilib.

Ötən gün dəstəyi qaldırmayan Xətai rayon İcra Hakimiyyəti ilə bu gün də telefon əlaqəsi saxladıq, bu dəfə dəstəyi növbətçi qaldırdı və məsul şəxslərin hazırda danışa bilmədiklərini - tədbirdə olduqlarını dedi.

Yeri gəlmişkən, Xətai rayonu ərazisində bu kimi tikintilər kifayət qədərdir və bu kimi hallara göz yuman məsul qurumlardan biri də Fövqəladə Hallar Nazirliyidir ki, onun da bugünə qədər yayımlanan məlumatlar barəsində hər hansı bir narahatlıq keçirdiyini və məsələyə məsuliyyətlə yanaşmasını görmədik. Bu isə FHN-nin də məsələdən xəbərdar olması və hansısa "yalnız özünə məlum" səbəblərə görə susduğu şübhəsini əminliyə çevirir.

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

***

ARXKOM ilə İcra Hakimiyyətini hansı səbəblər birləşdirir? - FOTO (YENİLƏNDİ)

Yenə Xətai rayonu, yenə gizli aparılan tikintilər, yenə "gözüyumulu" Şəhərsalma və Arxitektura komitəsi...

Bu üçlüyün bir üzvü (tikinti aparan sahibkar) tez-tez dəyişir, digər ikili isə "karam, koram, lalam" prinsipini nələrinsə, hansısa maraqlarınsa xatirinə səbrlə davam etdirir.

Xətai rayonunun istər yaşıllıq sarıdan, istərsə təmizlik sarıdan elə də "bəxtəvər" bir rayon olmadığı barəsində dəfələrlə "DogruXeber.az"da məlumatlar yayımlamışıq.

Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? - FOTO

ARXKOM-un qanunsuz tikintilərə susması razılıq əlamətidir ? - FOTO

Lakin, davam edən eyni proseslər bizi bu mövzuya təkrar-təkrar qayıtmağa məcbur edir.

Xatırlayırsınızsa biz əvvəllər də "8 noyabr" prospekti boyunca bir neçə kanalizasiya quyularının qapaqsız olduğundan, Həzi Aslanov qəsəbəsində, həmçinin "Kənd Əhmədli" qəsəbəsində küçələrin natəmizliyindən, yüksək gərginlikli elektrik xətlərinin evlərin üzərindən, heyətlərin içindən keçdiyindən və gecədən-gecəyə aparılan ev, obyekt tikintilərindən bəhs etmişdik.

Özü də qeyd edək ki, o zamanlar həmin tikintilər barəsində sorğular, müraciətlər göndərdiyimiz istər Şəhərsalma və Arxitektura Komitəsi olsun, istərsə də Xətai rayon İcra Hakimiyyətinin bəzi məsul şəxsləri sözügedən qanunsuzluqları aradan qaldırmaq yerinə, bizim yazıları silməmiz üçün hərəkətə keçdilər. Amma, təsirimiz o oldu ki, tələm-tələsik barəsində yazdığımız hər iki tikintinin üstləri gecəylə örtüldü və bununla da məsələni qapatmış olduqlarını sandılar.

İndi də bir neçə ay əvvəl barəsində məlumat verdiyimiz - həmin, o gecələr tikilən, üstü tələm-tələsik örtülən ikimərtəbəli obyektin düz qarşısında (Xətai rayon Həzi Aslanov qəsəbəs, Kazımağa Kərimov küçəsində) daha böyük bir tikinti aparılır. Nə hikmətsə, bu tikinti də yalnız gecələr aparılır.

ARXKOM ilə İcra Hakimiyyətini hansı səbəblər birləşdirir? - FOTO (YENİLƏNDİ)


Humanist xalqımızın bir saf kəlməsi var, deyirlər, "başçının bundan xəbəri yoxdur".

Tamam, bəlkə başlayanda xəbəri olmur, amma başladıqdan sonra aidiyyatı olan-olmayan hər kəsin xəbəri olduğunu hamımız bilirik. Bundan əlavə, ötən yazımızda "DogruXeber.az" olaraq biz özümüz rəsmi şəkildə bildirdiksə də dəyişən bir şey olmadı. Hətta, yuxarıda da qeyd etdiyimiz kimi Kazımağa Kərimov küçəsində eyni ünvanda ikinci tikinti başlayıb və artıq ikinci mərtəbədə iş gedir.

Yalnız gecələr!!!

Məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq. Hələliksə, gözləyək görək Xətai rayon İcra Hakimiyyəti ilə Şəhərsalma və Arxitektura Komitəsi buna nə münasibət bildirəcək.

P.S: Yeri gəlmişkən, əslində biz münasibət öyrənmək üçün Şəhərsalma və Arxitektura Komitəsinə zəng etdik, avtomatik operatorun dediyi qaydada - "0"a toxunub operatorun cavabını gözlədik. Lakin, bizi biraz gözlətdikdən sonra dəstəyi qaldırıb, dərhal asdılar. Burdan da belə görünür ki, komitənin bunun üçün əmək haqqı alan işçiləri də komitəyə zəng edənləri belə yola verir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman