Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

117 ailənin yaşadığı bu bina taleyin ümidinə buraxılıb - İcra Hakimiyyətinin "tükü də tərpənmir"

117 ailənin yaşadığı bu bina taleyin ümidinə buraxılıb - İcra Hakimiyyətinin

"DogruXeber.az" bildirir ki, 2023-cü il də 2020 kimi bəlası ilə təşrif buyurdu.

Qonşu və qardaş ölkə Türkiyədə baş verən 7.7 ballıq zəlzələ hadisəsi - dağıntılar, faciəli şəkildə dünyasını dəyişən minlərlə insanlar, minlərlə yaralılar, yetim qalan uşaqlar, övlad itirən ailələr millət və qardaş olaraq bizi dərindən sarsıtdı.

Sözügedən hadisə nəticəsində bir neçə tikinti şirkətlərinin də insanları aldatması və yeyinti faktları ortaya çıxdı.

Türkiyə dövləti artıq onların barəsində araşdırma və həbs qərarı versə də olan olub, ölən ölüb artıq.

Təbii ki, bu kimi təbii fəlakətlər əvvəlcədən "gəlirəm" deməz. Ona görə bu kimi hallara dövlət səviyyəsində hazırlıqlı olmaq lazımdır.

Allah uzaq eləsin, belə bir hadisənin ölkəmizdə baş verməsini təsəvvür belə etmək istəmirik. Paytaxt Bakıda və ətraf ərazilərdəki hündürmərtəbəli yaşayış binalarının təbii fəlakətlərə nə dərəcədə hazır olub-olmadığı bəlli deyil.

Yeri gəlmişkən, bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında Qaradağ rayon Sahil qəsəbə sakinlərinin şikayətini dərc etmişdik. Bundan əlavə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında sakinlərin narazılığına səbəb olan vəziyyəti də yayımlamışdıq.



Belə ki, sakinlərin müraciəti əsasında çəkiliş qrupumuzla birlikdə Əlyar Gülbabayev 4 ünvanından 117 ailənin yaşadığı 9 mərtəbəli binada olduq.

Qapıdan içəri girməzdən əvvəl qopub tökülən divarları, bina girişlərinin uçmuş dam örtükləri, binaya daxil olan kimi üfunət iyi, evlərin içinə girdiyimizdə isə nəmdən-rütubətdən qaralmış tavanlar, çatlamış divarlar bizi dəhşətə gətirdi.
Üstəlik də eyni vəziyyət 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər bütün evlərdə mövcuddur.

Yağışlı havada binanın damından axan sular azmış kimi, üstəlik də köhnə kanalizasiya borularının çatlarından axıb binanın zirzəmisinə dolan iyrənc sular binada antisanitar şəraitin yaradıb.

Sakinlər bildirir ki, "Uzun zamandır ki, bina bu durumdadır. Dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişik, Süleyman Mikayılov bizi ümumiyyətlə qəbul etmir, müavini də deyir, "get kimə deyirsən de, get ver məhkəməyə". Mənzil Kommunal İstismar sahəsi də gəlib məftillə kanalizasiya borularıı qurdalayıb gedir. Vəziyyət isə dəyişməz olaraq, qalır. "

Qeyd edək ki, biz orada olan zaman yuxarıda da qeyd etdiyimiz kimi bina girişlərinin beton damları və bina divarlarının hələ heç bir zəlzələ, yaxud digər təbii fəlakət yaşamadan, durduğu yerdə uçub töküldüyünün şahidi olduq.

Sakinlərin sözlərinə görə, küləkli havada binanın damına düzülən nazik dəmir dam örtükləri havada ucuşduğundan camaat evdə acından ölsə də çıxıb bir çörək almağa qorxur. Çünki, havada uçuşan dəmirlərin kimin başını üzəcəyi bəlli deyil.

Qeyd edək ki, vətəndaşların müraciətləri ilə bağlı "DogruXeber.az" olaraq, Sahil qəsəbəsinin İcra nümayəndəliyinə, eləcə də Qaradağ rayon İcra Hakimiyyətində çalışan səlahiyyətli şəxslərə telefon vasitəsilə məlumat vermişdik.

Təəssüflər olsun ki, bugünə qədər mövcud problemin həlli ilə bağlı nəinki heç bir addım atılmayıb, hətta sözügedən ünvanda olub, sakinlərin dərdini dinləyən belə olmayıb.

Lakin, "DogruXeber.az" informasiya portalında yayımlandıqdan sonra paylaşımın rəy bölməsində Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi məsələyə münasibət bildirib.

"Bildiririk ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, 4 saylı binanın zirzəmisinə yığılan su Qaradağ Rayon Sukanal İdarəsi tərəfindən çəkilmiş və ərazidə cari təmir işləri aparılmışdır. Binanın kanalizasiya şəbəkəsinin işinin yaxşılaşdırılması üçün 200 mm diametrli 30 metr kanalizasiya xətti yenisi ilə əvəz edilmişdir. Binanın zirzəmisinin qapısı yenisi ilə əvəz edilmişdir. Həmçinin ümumilikdə rayon üzrə zirzəmilərinə su yığılmış yaşayış binalarında müvafiq tədbirlərin görülərək istismar müddəti bitmiş aşağı paylayıcı xətlərində əsaslı təmir işlərinin aparılması üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 2018-2022-ci illər ərzində ilə "Azərsu” ASC-yə müraciətlər edilmişdir.

Məlumat üçün bildiririk ki, rayon ərazisində abadlıq-quruculuq işləri növbəlilik əsasıdna həyata keçirilir. Ümumilikdə rayonun qəsəbələrində 19 Abad məhəllə salınaraq vətəndaşların istifadəsinə verilmişdir. Sahil qəsəbəsində də 5 Abad məhəllə və 3 park əhalinin istifadəsindədir. Cari ildə də bu işlər davam etdirilrək yeni Abad məhəllələr salınacaqdır. Qeyd olunan Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 4 ünvanında da cari ildə Abad məhəllənin salınaraq, bu ilin may-iyun aylarında vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edək ki, abadlıq işləri çərçivəsində bu il ərzində rayonun bütün yaşayış binalarının qarşısının Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən asfaltlanması nəzərdə tutulmuşdur. Gələcəkdə də rayon ərazisində abadlıq-quruculuq, asfaltlanma işləri mərhələli şəkildə davam etdirilərək, görülmüş işlər ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilərək vətəndaşlara məlumat veriləcəkdir."


Qeyd edək ki, İcra Hakimiyyətinin verdiyi açıqlamanı oxuyan bina sakinləri yenidən redaksiyamıza müraciət edərək, İcra Hakimiyyətinin mövqeyini "ağ yalan " adlandırdılar.
Onlar iddia edirlər ki, "İcra Hakimiyyəti 10 ildir bu nağılları danışır. Artıq, səbrimiz tükənib. Bizə problemin real həlli lazımdır, illərdir verilən və əməl edilməyən vədləri qəbul etmirik."

Qeyd edək ki, məsələ həllini tapana qədər mövzuya təkrar qayıdacağıq.

Ümid edirik, qardaş ölkədəki faciə qurbanı olan minlərlə insanların taleyini yaşayacaqlarından narahat olan Əlyar Gülbabayev 4 ünvanındakı 117 ailənin çağırışına aidiyyatı üzrə Dövlət qurumları biganə qalmayacaqdır.

DogruXeber.az
Jalə Asiman