Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Sabirabadda ağaclar niyə quruyur?

Sabirabadda ağaclar niyə quruyur?
"Kanal14.az" bildirir  ki,  Sabirabadda park və yolllardakı ağaclar quruyur.

Rayonun mərkəzində yerləşən İstirahət Parkında da oxşar vəziyət hökm sürür.

Sabirabadda yay isti keçdiyindən yerli sakinlər nəfəslərini dərmək üçün bu parka gəlirlər.

Tez-tez bura gələn rayon sakini Qabil Novruzov ağacların baxımsızlıqdan quruduğunu deyir. Rayon rəhbərliyi problemi ağaclara xəstəlik düşməsi ilə izah etsə də, sabirabadlılar bu fikirlə razı deyil: "Ağacların susuzluqdan yanması Siraqəddin Cəfərov gələndən sonra baş verib. Keçmiş başçının dövründə su vurulurdu. Niyə bəzi yerlərdə yaşıl ağaclar qalır? Adını da qoyublar guya xəstəlik düşüb. İyul-avqust aylarında ağaclara su vuranda, qoruyanda belə olmur. Ölü vəziyyətdədir”.

Bəs ağaclara hansı qurum nəzarət edir? Yaşıllığın məhv olmasına görə kim cavabdehlik daşıyır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova bildirir ki, ağaclar Sabirabad rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansına verilib. Bu səbəbdən qulluq məsələsi nazirliyin deyil, icra hakimiyyətinin səlahiyyətindədir.

İyulun 22-də Sabirabad İcra Hakimiyyəti rayondakı ağacların quruması ilə bağlı "Toplum TV”nin sorğusuna cavab verib.

Bildirilib ki, respublikanın bütün rayonlarında olduğu kimi Sabirabad rayonu ərazisində də son 3 ildə çoxsaylı şam ağacları quruyub.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aqronom-entimoloqları tərəfindən həmin ağaclara baxış keçirilsə də, sirayət etmiş xəstəliyin qarşısını almaq mümkün olmayıb.

"Baxış aktında Sabirabad şəhərinin ərazisində, o cümlədən H.Əliyev prospekti, 20 Yanvar və İ.İsgəndərov küçələrində bəzi ağaclar, o cümlədən şam ağacları vegetasiya dövrünü başa vurduğundan, həmçinin mənşəyi bilinməyən infeksiya nəticəsində köküstə tam qurumuş vəziyyətdə olduğu qeyd edilib və həmin ağacların təhlükəsizlik qaydalarına riayət edilərək kəsilməsinə qərar verilib”, - deyə açıqlamda qeyd olunub.

Məlumatda icra hakimiyyətinin daxili imkanlar hesabına Tərtər, Astara, Şəmkir, Türkəyə (1 tir), İran (4 tir) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarından ağac və digər bitkilər gətirildiyi bildirilib: "Son 2 ildə heç bir dövlət vəsaiti xərclənmədən rayon ərazisində qurumuş və kəsilmiş ağacların əvəzinə 150 mindən çox yeni müxtəlif növ, o cümlədən meyvə və dekorativ ağaclar, gül kolları əkilib və bu işlər hazırda da davam etdirilir. Sabirabad rayon Yaşıllaşdırma sahəsi tərəfindən xidmət sahəsinə aid olan ərazilərdə, eləcə də zərurət tələb olunan yerlərdə ağaclara və gül kollarına mütəmadi olaraq qulluq göstərilir və daima nəzarətdə saxlanılır”.

Rayon rəhbərliyi problemi ağaclara xəstəlik düşməsi ilə izah etsə də, sabirabadlılar bu fikirlə razı deyil. Sakinlər arasında ağacların baxımsızlıq səbəbindən quruduğunu deyənlər var.//qlobal.az