Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət / Sosial

Oliqarxlar hökumətə dirənir: - Əhali isə bostan-tərəvəzlə “başını qatır”

Oliqarxlar hökumətə dirənir: - Əhali isə bostan-tərəvəzlə

Azərbaycanda 60-dan çox məhsulun və xammalın ƏDV-dən azad edilməsi ilə bağlı siyahı təsdiqlənib.

Siyahıda 25-ə yaxın xammal, məhz kənd təsərrüfatı sahəsini əhatə edir. Bu isə birbaşa heyvandarlıq sektoru ilə bağlıdır.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, heyvandarlıq sektorunun inkişafında əsas seqmentlərdən birini yem və yem bazası təşkil edir:

Ölkənin 1,5 milyon ton qüvvəli yemə ehtiyacı var:

"Azərbaycanda 4 milyon 272 mindən çox heyvan var. Bunların yemlənməsində qeyd edilən siyahı üzrə komponentlərin xüsusi əhəmiyyəti var. Aparılmış tədqiqatlar göstərir ki, ölkənin 200 min tona yaxın soyaya ehtiyacı vardır ki, onun da 150 min tonu quşçuluq sənayesinin payına düşür. Ölkəmiz üzrə həm iri südçülük, həm də quşçuluq təsərrüfatlarında dünya bazarında məhsulların qiymət artımı ilə bərabər, daxili bazarda da 77 %-ə qədər müvafiq qiymətlərdə dəyişikliklər olub. Soyanın idxal dəyəri bazarda 3-4 dəfə artıb, təqribən 300-400 manatdan 1 200 manata çatıb. Ümumiyyətlə, bu həm sənaye yönümlü emal müəssisələrində, həm də bəzi təsərrüfatların daxilində balanslaşdırılmış yem istehsalında maya dəyərinin aşağı düşməsində və dəyər zəncirdə öz rolunu göstərəcək”.

Bu gün fermerlər ətin qiymətini əsasən yemin baha olması ilə əlaqələndirirlər. Hökumət qiymətlərdə azalma olacağını desə də, hələ ətin qiymətində heç bir azalma müşahidə edilmir. Əksinə, quzu əti 2 manat bahalaşıb. Fermerlər ət və toyuq bazarındakı mövcud bahalığı yalnız yemin deyil, eyni zamanda digər məhsulların baha olması ilə də əlaqələndirirlər. Hətta sosial şəbəkələrdə bəzi fermerlər bazardakı mövcud problemlə bağlı heyvandarlıq təsərrüfatından imtina edəcəklərini deyirlər.

Beləliklə, 18 faiz ƏDV-nin tətbiqi qarşıdakı dövrdə bazarda bu istiqamətdə müsbət dəyişikliyə gətirib çıxaracaqmı? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət”ə bildirdi ki, bu, ətin ucuzlaşmasına gətirib çıxarmayacaq:

"İdxal olunan yemin ƏDV-dən azad edilməsi ət xammalının, toyuq ətinin maya dəyərinin azalmasına gətirib çıxaracaq. Yəni yemi idxal edib, ondan fermalarda istifadə edən fermerlərin xərcləri azalacaq. Ancaq o xərc azalmasının bazarda qiymət kimi özünü göstərməsi üçün Azərbaycan bazarının strukturu dəyişilməlidir. Bu gün Azərbaycan bazarı monopoliyadadır. Monopoliyalarda qiymətin ucuzlaşdırılmasını heç vaxt maya dəyəri ilə əlaqələndirmirlər. Məsələn, inhisarçı şirkət hər hansı məhsulu bir mənbədən 5 manata alırdı, onu 8 manata satırdı. İndi onu 3 manata alanda maraqlı deyil ki, 5 manata satsın, onu yenə 8 manata satacaq. Çünki onun rəqibi yoxdur ki, ondan ehtiyatlansın və bazarda uduzacağını düşünsün. Azərbaycan sahibkarının əsasən belə bir problemi yoxdur. Ona görə də hökumət olaraq məhsulun maya dəyərini nə qədər aşağı salsa belə, o, özünü bazarda göstərməyəcək. Səbəb isə qeyd etdiyim kimi, monopoliyadır. Deməli, hökumət görülən tədbirlərin nəticə verməsi üçün bazarda rəqabət mühiti yaratmalıdır. Rəqabət mühiti yaranmadan inhisarçının qiyməti aşağı salması mümkün deyil. Digər varianta gəldikdə isə hökumət onları təmin edə bilər. Deyər ki, ƏDV-ni 18 faiz azaltmışam, bu maya dəyərində azalmaya səbəb olur, siz də qiymətləri aşağı salın. Ancaq hökumət bunu da demir. Çünki həmin inhisarçılar oliqarxlardır. Bu gün yemin bütün rüsumlarını aradan qaldırsaq, fermerlərə yemi pulsuz versək də, onlar qiymətləri aşağı salmayacaq. Yəni bu mexanizm işləməyəcək. İki variant var ki, ya inhisarçıya təzyiq etməli, ya da inhisarı aradan qaldırmalıdır. Bu variantlar həyata keçməsə, heç vaxt ucuzlaşmadan söhbət gedə bilməz”.

Ekspertin fikrincə, dünyada qiymətlərin bahalaşması bir bəhanədir:

"Xaricdə 5 manat bahalaşırsa, Azərbaycanda 15 manat bahalaşdırırlar. İnhisarçı üçün qiyməti qaldırmağa bir bəhanə lazımdır. Son 30 ildə hansısa məhsulun qiymətində ucuzlaşma müşahidə edilibmi? Burada mövsümi qiymətlərdən söhbət getmir. Məsələn, ət, toyuq, şəkər tozu, yağ və digər məhsulların qiymətində ucuzlaşma müşahidə etmək qeyri-mümkündür. Bunun da yeganə səbəbi inhisarçılıqdır. İdxal olunan yemin ƏDV-dən azad olunması yalnız idxalçının mənfəətini artırır. Yəni yemdə də əvvəlki qiymət olacaq. Bunun üçün yeganə yol, kəskin rəqabət mühitinin formalaşdırılmasıdır. Hazırda yay müövsümüdür, ətə tələbat azalır, əksinə lobya, badımcan, kartof çox olur. Əhalinin əksəriyyəti kasıbdır və bostan-tərəvəz bitkiləri ilə "başlarını qatırlar”. Ancaq havalar bir qədər soyuduqdan sonra ət bahalaşacaq”.