Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Daha bir BÜDCƏ TALANI... - Dövlət malına elə daraşıblar ki...

Daha bir BÜDCƏ TALANI... - Dövlət malına elə daraşıblar ki...

Kanal14.az: - Dünən elektron kütləvi informasiya vasitələri Azərbaycanda mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkəti "Azərsu” ASC-nin 2021-ci ildəki zərərinin daha da böyüməklə yarım milyard manatı ötməsi barədə məlumat yaydı. Məlumatda həm də qeyd olunur ki, "Azərsu” ASC-nin ümumi gəlirlər xərcləri nəinki qarşılamış, hətta 552.23 mln. manat həcmində xalis zərər etməklə kapitaldan "yeməli” olub. İllərdir "Azərsu” zərər edir və üstəlik builki zərər onun illərin yığılmış zərərini 7 milyard 855.69 mln. manata çatdırıb.

Göründüyü kimi bu zərər bir və bir neçə ildə yaranmayıb. Təbii ki, bu zərərin çoxu 2011-ci ildən "Azərsu” ASC-yə sədirlik edən Qorxmaz Hüseynovun dövrünə düşür. Əvvəlki sədr, Oqtay Əsədovun rəhbərliyi dönəmində respublika ərazisində su və kanalizasiya sistemlərinin yenilənməsinə o qədər də böyük vəsaitlər ayrılmadığı hamıya məlumdur. Amma, Prezident İlham Əliyevin 2021-ci il imzaladığı sərəncama əsasən Qorxmaz Hüseynov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildikdən sonra bu məlumatların ortaya çıxması heç də o demək deyil ki, burada indi hər şey qaydasındadır.

Məlum olduğu üzrə, "Azərsu” ASC respulika ərazisində əhalini içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkəti kimi, böyük bir qurumdur. ” ASC-nin bütün rayon və şəhərlərdə yerli idarələri ilə bərabər tebeli qurumları da var. Onlardan bii də "Sutikinti” Müəssisəsidir. Bu müəssisə "Azərsu” ASC-yə tabeli qurumların bəlkə də ən kiçiklərindən biridir. Buna baxmayaraq, dövlət tərəfindən, yəni "Azərsu” ASC tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi məqsədi ilə hər il buraya milyonlarla manat vəsait ayrılır. Burada baş verənlərlə yaxından tanış olduqdan sonra "Azərsu” ASC-nin nə üçün milyardlarla manat zərərlə işlədiyi barədə az da olsa təəssürat yaranar.

"Sutikinti” Müəssisəsi "Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Müəssisə həmçinin elmin və texnikanın yeni nailiyyətlərindən istifadə, tikinti işlərinin kompleks mexanikləşdirilməsi, istehsalat və tikinti texnologiyasının yaxşılaşdırılması, yeni texnikanın, mütərəqqi material və konstruksiya növlərinin tətbiqi digər texniki-təşkilati işlərlə məşğuldur.

Bu müəssisənin fəaliyyət sferasına nələrin daxil olduğunu yuxarıda diqqətinizə çatdırdıq. Göründüyü kimi müəssisə "Azərsu” ASC-yə tabeli ixtisaslaşdırılmış bir qurum olaraq və su və kanalizasiya qurğularının təmiri və yenidən qurulması işləri üzrə Səhmdar Cəmiyyətin tələbatlarını yerinə yetirməlidir. Amma məlum olduğu kimi "Azərsu” ASC su və kanalizasiya qurğularının təmiri və yenidən qurulması işlərini həyata keçirmək üçün tenderlər keçirir. Bu tenderlərin qaliblərii də Səhmdar Cəmiyyətin rəsmilərinə və ya oların yaxınlarına məxsus şirkətlər həyata keçirir. Yəni, "Sutikinti” Müəssisəsi birbaşa "Azərsu” ASC-nin sifarişlərini yerinə yetirdiyindən, buraya ayrılan vəsaitlər, tenderlərdə olduğu kimi açıqlanmır.

Bəs onda "Azərsu” ASC-nin "Sutikinti” Müəssisəsi nə kimi işlər görür? Bəri başdan xatırlatmaq istərdik ki, müəssisə heç də balaca deyil və əvvəllər "Sutikinti” Tresti kimi fəaliyyət göstərib. Kifayət qədər işçi qüvvəsi, texniki imkanları olan bir müəssisədir. Bun baxmayaraq "Azərsu” ASC-nin keçirdiyi irihəcmli layihələrin heç birində adı keçmir. Yalnız məhəllə daxili su və kanalizasiya qurğularının təmiri işlərinə baxırlar. Müəssisənin rəisi Natiq Mirzəyevdir. Nə vaxt təyin olunduğu bəlli deyil. "Azərsu” ASC-dəki hansı qruplaşmaya daxil oluduğu da məlum deyil. Amma əvvəlki sədr Qorxmaz Hüseynovun qohumu onun birinci müavinidir. Nurəli Cəbrayılov bu vəzifəyə Qorxmaz Hüseynov "Azərsu” ASC-yə sədr təyin olunduqduqdan sonra gətirilib və bir neçə rəis dəyişməsinə baxmayaraq hal-hazırda da o vəzifədə çalışır.

Qeyd etdiyimiz kimi, "Sutikinti” Müəssisəsi "Azərsu” ASC-nin tələbatlarını yerinə yetirir. Həm də gizlin şəkildə. Bunu bizə Xocəsən qəsəbəsindən verilən məlumatlardan müəyyən etdik. Belə ki, bir-iki ay bundan əvvəl "Sutikinti” Müəssisəsinin mühəndisi Nail adlı şəxsin rəhbərliyi ilə Xocasən qəsəbəsindəki beton zavodun yaxınlığındakı neft quyusunun yanından "Ay işığı” restoranının yanına qədər olan ərazidən üç cərgə, 600, 400, 250 mm su borularını ekskavatorların köməyi ilə torpağın altından çıxarıb, ağır tonnajlı yük maşınların vasitəsi ilə Biləcəridə, DSK yolu deyilən ərazidəki metalloma daşımışlar. Əldə etdiyimiz məlumatlara görə Nail burada çalışan 10-dan çox fəhlənin hər birinə gündəlik 120 manat zəhmət haqqı verib.


"Azərsu” ASC-nin səlahiyyətlilərinin Nailin keçirdiyi belə bir "əməliyyatdan” xəbərləri varmı, bilmirik. Öyrənməyə çalışdıq. "Sutikinti” Müəssisənin rəis müavini Nurəli Cəbrayılov belə bir şeyin olmadığını bildirdi. Sonra isə bayramla əlaqədar iş günü olmadığından, bayramdan sonra əlaqə saxlayacağına söz verdi. Sonra isə telefonlara cavab vermədi.

"Sutikinti” Müəssisənin ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, Abşeron yarımadasındakı kəndlərə sovet dönəmindən çəkilmiş su boruları artıq istifadəyə yararasız adı altında vaxtaşırı sökülərək metalloma daşınır. Buradan əldə olunana gəlirlər kimlərin arasında bölüşdürülür, bu işlərə başçılıq edən Nail daha yaxşı bilər. Amma xüsusilə qeyd etmək istərdik burada heç də az pullar olmur.

"Azərsu” ASC-nin "Sutikinti” Müəssisəsinin daha bir gizlini isə tenderlərlə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, "Sutikinti” Müəssisəsi "Azərsu” ASC-nin tələbatları ilə yanaşı, digər təşkilatlarla bağlanmış müqavilələr əsasında mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Bu isə təbii ki,"Sutikinti” Müəssisəsinə əlavə gəlirlər gətirir. Lakin araşdırmalarımız zamanı "Sutikinti” Müəssisəsinin heç bir tenderin qalibi olmadığını müəyyən etdik. Əksinə onu müəyyən etdik ki, "Sutikinti” Müəssisəsinin özü zəruri malların və xidmətləri satın alır və bu işləri də gizlin keçirir.Məlumatlara görə bu işlərin başında isə idarənin texniki təchizat şəbəsinin müdiri Əhəd Həsənov dayanır. Məsələn Oğuz-Qəbələ-Bakı su kəmərində yaranmış qəzaların aradan qaldırılması, Binəqədi rayonu, I Mədən-15 ünvanında yerləşən kanalizasiya xəttinin tikilməsi, avadanlıqlar üçün tələb olunan müxtəlif növ ehtiyyat hissələrinin satın alınması, müxtəlif növ mal-materialların satınalınması üzrə keçirilmiş tenderlərdə müqavilə bağlanımış şirkətlərdən Əhəd Həsənov nə qədər "otkat” alıb, ümumiyyətlə 2021-ci ildə nə qədər tender keçirib? Bütün bunlar barədə sorğuya cavab gözləyirik.

Göründüyü kimi "Azərsu” ASC-nin "Sutikinti” Müəssisəsində torpağin altından boru çıxarıb satan bəllidi, tender yolu ilə keçirilən satınalmalardan "otkat” alan da bəllidi. Bəs onların bu işlərdə şərikləri kimlərdir? Keçmiş sədr Qorxmaz Hüseynovun qaynı Nurəli Cəbrayılov , müəssisənin rəisi Natiq Mirzəyev, "Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov? Tezliklə "Azərsu” ASC-nin "Sutikinti” Müəssisəsində baş verən bir çox gizlin işlərin üstü açılacaq. "Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənovun bütün bunlara münasibəti necə olacaq, əvvəlcədən təxmin edirik.
Aktualinfo.org