Gündəm / Cəmiyyət / Hadisə / Sosial

FHN Xaçmazdakı yanğınla bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

FHN Xaçmazdakı yanğınla bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.

"Kanal14.az" FHN-in saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Xaçmazda meşə massivində yanğın başlayıb.

"DogruXeber.az" xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb. Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.