“Biz söz də veririk, əməl də edirik” - Cavid Qurbanov+Fotolar
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.
"Qafqazinfo” xəbər verir ki, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.
Qatarın ilk sərnişinləri jurnalistlər və bir qrup deputatdır. Qonaqları Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov müşayiət edir
Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.
***
"Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik”.
Bunu Cavid Qurbanov jurnalistlərə qatarda verdiyi açıqlamasında deyib. O bildirib ki, bu qatarda xidmət yüksək səviyyədədir:
"Burada fərqli qiymətlər mövcuddur. Biznes-klass yerlər var. Bu, bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda wi-fi sistemi təkmilləşdiriləcək”.
C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.
Günel Türksoy